Xilas yolu həkim müalicəsi və sağlam həyat tərzidir
Müasir dövrdə baş, diş və ya oynaq ağrıları zamanı ilkin tibbi yardım vasitəsi kimi ağrıkəsicilərə (analgetik) müraciət etmək adi hala çevrilib. Apteklərdə reseptsiz satılan bu preparatlar tez bir zamanda iş qabiliyyəti və gümrahlığın bərpasına kömək etsə də, ağrı-acı tam yox olmur. Nevrologiya sahəsində aparılan araşdırmalar göstərir ki, onlar orqanizmdəki problemin ilkin səbəbini aradan qaldırmır, əksinə, ötəri yüngülləşdirmədən sonra ciddi fəsadlar baş qaldırır.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünya üzrə xroniki baş ağrılarından əziyyət çəkən insanların təxminən 50 faizi məhz analgetiklərin qaydasız və normadan artıq qəbulu səbəbindən səhhətlərində problemlər yaşayırlar. Təcrübələr göstərir ki, bu qrup dərman asılılığı olan pasiyentlərin müalicəsi mürəkkəb və uzun zaman tələb edən prosesdir.
Beynəlxalq təcrübəyə və inkişaf etmiş ölkələrin tibbi qanunvericiliyinə nəzər saldıqda, bu sahədə çox sərt tənzimləmə və nəzarət mexanizmlərinin tətbiq edildiyini görmək olar. Məsələn, ABŞ, Böyük Britaniya, Kanada və Avropa İttifaqı dövlətlərində parasetamol və ya ibuprofen kimi geniş yayılmış zəif analgetiklər reseptsiz satılsa da, onların eyni anda bir müştəriyə verilən həb sayı və doza hədləri ciddi şəkildə məhdudlaşdırılır. Belə ki, Böyük Britaniyada apteklərdən reseptsiz maksimum 16 və ya 32 ədəd parasetamol həbi almaq mümkündür. İbuprofenin isə yalnız 200 mq-lıq aşağı dozaları limitsiz almaq olur. Bu maddənin 400–600 mq-lıq yüksək və effektiv dozaları üçün mütləq ailə həkiminin rəsmi təyinatı tələb olunur.
Daha güclü təsir göstərən, tərkibində nimesulid (nimesil), ketorolak, diklofenak kodein və ya tramadol kimi opioid (narkotik qrup) maddələr olan spesifik preparatlar isə potensial toksiki yan təsirləri, daxili mədə qanamaları, kəskin qaraciyər çatışmazlığı və yüksək asılılıq yaratma riskləri nəzərə alınaraq, yalnız həkimin fərdi elektron resepti əsasında, mərkəzləşdirilmiş sistem üzərindən qeydiyyatla xəstələrə verilir. Bir çox Qərb ölkələrində isə bu qrup dərmanlar ev şəraitində deyil, əsasən cərrahiyyə əməliyyatlarından sonrakı kəskin stasionar mərhələ üçün nəzərdə tutulur.
Son illərdə ölkəmizdə də dərman vasitələrinin dövriyyəsinə ciddi nəzarət olunur, rəqəmsal səhiyyə islahatları çərçivəsində “e-resept” sisteminin tətbiqi genişləndirilir. Elektron infrastrukturun inkişafı və tibbi-hüquqi mexanizmlərin təkmilləşdirilməsi vətəndaşların təhlükəsiz dərman təminatına xidmət etməklə yanaşı, əhalini özbaşına və nəzarətsiz preparat qəbulundan çəkindirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı nevropatoloq Əminə İmanova XQ-yə bildirdi ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, sadəcə, bədənin zədələnmiş nahiyəsindən beyinə gedən “təhlükə siqnallarını” kimyəvi yolla keyləşdirərək insanı müvəqqəti sakitləşdirir:
– Xəstələrin ən çox yanıldığı məqam ağrıkəsicilərin bədəndəki təsir mexanizmilə bağlı məlumatlı olmamasıdır. İnsan orqanizmində hər hansı toxuma zədələnməsi və ya iltihab baş verdikdə, həmin nahiyədə prostaqlandin adlı kimyəvi maddələr sintez olunur və sinir ucluqlarını qıcıqlandıraraq beyinə elektrik impulsları ötürür.
Xəstə ağrıkəsici içdikdə, dərman problem ocağını müalicə etmir. O, sadəcə, bədəndə həmin maddələrin sintezini dayandırır, sinir ötürücülərinin fəaliyyətini məhdudlaşdırır və beyin qabığının mövcud patologiyadan məlumat almasını əngəlləyir. Nəticədə, daxili problem yerində qalsa da, beyin siqnalı qəbul edə bilmədiyi üçün insan ağrının keçdiyini düşünür.
Davamlı ağrıkəsici qəbulunun beynin təbii müdafiə sistemini zəiflədərək asılılıq və daha şiddətli ağrılar yaratdığını deyən mütəxəssis, əsl bioloji səbəbi müəyyənləşdirmək üçün vaxtında həkimə müraciət etməyin vacibliyini vurğuladı:
– Bu preparatlardan nəzarətsiz və davamlı istifadə zamanı daha ciddi nevroloji fəsad meydana çıxır. Baş beyin kənardan davamlı olaraq kimyəvi bloklayıcı maddə qəbul etdikdə, təbii ağrıkəsici hormonları olan endorfin və ensefalinlərin sintezini minimuma endirir. Bu uyğunlaşma nəticəsində bədənin ağrıya həssaslığı kəskin şəkildə artır. Belə vəziyyətdə insan çıxılmaz vəziyyətə düşür: başı ağrıyan kimi dərman atır, onun qandakı təsiri keçən kimi isə müdafiəsiz qalan beyin daha şiddətli ağrı siqnalı göndərir. Nəticədə, insan ağrını kəsmək üçün məcbur qalıb yenidən və daha tez-tez həb qəbul etməli olur.
Təcrübəmizdə baş və əzələ ağrılarından şikayət edən bir çox pasiyentin məhz bu cür dərman asılılığından əziyyət çəkdiyini görürük. Belə hallarda dərmanlar kömək etmək əvəzinə, daha kəskin fəsadlar yaradır. İnsanlar bilməlidirlər ki, ağrını kor-koranə, yalnız dərman atmaqla yatırtmaq çıxış yolu deyil, patalogiyanın kökünü tapmaq lazımdır. İstər boyun fəqərələrinin disfunksiyası, istərsə də damar mənşəli amilləri ilkin mərhələdə ixtisaslaşmış həkim mütəxəssis müəyyən etməlidir.
Həkim-terapevt Nübar Xəlilova isə söylədi ki, iltihab əleyhinə və parasetamol tərkibli ağrıkəsicilərin nəzarətsiz qəbulu orqanizmdə ciddi fəsadlara səbəb olur:
– Gündəlik həyatda tez-tez istifadə olunan qeyri-steroid iltihab əleyhinə preparatlar ağrını və qızdırmanı azaltsa da, mədənin qoruyucu selikli qişasına mənfi təsir göstərir. Bu səbəbdən onların uzunmüddətli və ya acqarına qəbulu qastrit, mədə xorası və mədə-bağırsaq qanaxması təhlükəsini artırır. Bundan əlavə, həmin dərmanlar bədəndə su və duz balansına təsir göstərərək arterial təzyiqin yüksəlməsinə yol açır ki, bu da ürək-damar sistemi üçün əlavə yük yaradır.
Dərmanların orqanizmdən təmizlənməsində əsas yük qaraciyər və böyrəklərin üzərinə düşür. Xüsusilə parasetamol tərkibli ağrıkəsicilərin yüksək dozada və ya tez-tez qəbulu qaraciyər hüceyrələrinə zərər vuraraq ciddi fəsadlara, uzunmüddətli istifadəsi isə böyrək funksiyasının pozulmasına səbəb ola bilər.
Mütəxəssis qeyd etdi ki, bəzi ağrıkəsicilər yalnız həkim nəzarəti və ciddi doza ilə qəbul edilməlidir:
– Reseptlə təyin olunan opioid qrupuna aid güclü ağrıkəsicilər mərkəzi sinir sisteminə təsir edir. Onlar kəskin ağrıları azaltmaqla yanaşı, bəzi hallarda beyində rahatlıq və xoş əhval hissi yaradaraq fiziki və psixoloji asılılığa gətirib çıxarır. Eyni zamanda, bu dərmanlar həzm sisteminin fəaliyyətini zəiflədərək qəbizliyə, tənəffüs mərkəzinə təsir edərək isə nəfəsalma problemlərinə yol açır.
Unutmaq olmaz ki, ağrıkəsicilər xəstəliyin əsas səbəbini aradan qaldırmır, yalnız ağrı hissini müvəqqəti kütləşdirir. Onlardan həkimlə məsləhətləşmədən və nəzarətsiz istifadə etmək xroniki baş ağrılarının artmasına, eləcə də orqanizmin dərmana qarşı dözümlülük qazanaraq daha yüksək dozaya ehtiyac duymasına səbəb ola bilər. Buna görə də ağrıkəsici preparatlardan istifadə edərkən diqqətli olmalı, təhlükəsizlik üçün qəbul müddəti və dozası mütləq nəzərə alınmalıdır.
Mütəxəssislərin rəylərindən də görünür ki, ağrı bir növ bədənimizin müdafiə mexanizmi, daxildə baş verən hər hansı nasazlıq barədə reaksiyasıdır, onu kortəbii şəkildə dayandırmaq isə problemin daha da dərinləşməsinə şərait yaratmaq deməkdir. Uşaq kənardan bir təhlükə görəndə necə ağlayıb valideynini köməyə çağırırsa, bədənimizdəki ağrı da orqanizmimizin imdad çağırışıdır. Onu, sadəcə, bir həblə susdurmağa çalışmaq daxildəki təhlükəni aradan qaldırmır, əksinə, bədənimizin fəryadına diqqətsizlik yaradır. Unutmayaq ki, sağlamlığımızı qorumağın yeganə yolu vaxtında və düzgün müalicədir.
Elenora HƏSƏNOVA
XQ



