Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Dilqəm İlham oğlu Əhmədli Qarabağ Universitetinin Təbiət elmləri fakültəsinin proqram rəhbəri vəzifəsinə təyin olunub.
Bu barədə XQ-yə Universitetdən məlumat verilib.
Bildirilib ki, Dilqəm Əhmədli orta məktəb illərində təbiət elmləri və kimya üzrə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edib. O, 2012-ci ildə Beynəlxalq Yeniyetmələr Elm Olimpiadasında, 2014 və 2015-ci illərdə isə Beynəlxalq Kimya Olimpiadası və Mendeleyev Kimya Olimpiadasında iştirak edib. Bakalavriat təhsilini Türkiyənin Bilkent Universitetində Kimya ixtisası üzrə alıb və həmin proqramı 3,5 il müddətində fərqlənmə diplomu ilə bitirib. Daha sonra Bilkent Universitetində Kimya ixtisası üzrə magistratura təhsilini davam etdirib.
2022–2026-cı illərdə doktorantura təhsilini Almaniyanın Max-Planck tədqiqat institutunda alıb. Dilqəm Əhmədli 7 ildən çox elmi-tədqiqat təcrübəsinə malikdir və beynəlxalq nüfuzlu elmi jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir. Onun elmi işləri Journal of the American Chemical Society, Nature Catalysis, Journal of Organic Chemistry və digər beynəlxalq jurnallarda nəşr olunub. O, həmçinin Novartis Graduate Colloquium, Syngenta Collaborative Research Conference, Anatolian Conference on Organic Chemistry kimi beynəlxalq elmi tədbirlərdə çıxış edib.
Elmi fəaliyyəti ilə yanaşı, Dilqəm Əhmədli tədris sahəsində də təcrübəyə malikdir. O, Bilkent Universitetinin Kimya Departamentində ümumi kimya, üzvi kimya, analitik kimya və fiziki kimya fənlərinin tədrisi üzrə çalışıb, həmçinin TÜBİTAK tərəfindən təşkil edilən milli və beynəlxalq kimya olimpiadalarına hazırlıq düşərgələrində mühazirəçi və akademik bələdçi kimi fəaliyyət göstərib. Əsas tədqiqat istiqamətləri üzvi sintez, funksional materiallar, elektrokimya, həmçinin xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi üçün biokimyəvi metodların inkişafı ilə bağlıdır.
N.Adilqızı
XQ

