Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
24–25 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən “QS Higher Ed Summit: Europe 2026” tədbiri dünyanın müxtəlif ölkələrindən ali təhsil sahəsinin aparıcı nümayəndələrini bir araya gətirib. Sammitin açılış mərasimi artıq baş tutub.
Tədbirdə universitetlərin inkişaf strategiyaları, qlobal reytinqlərdə rəqabət qabiliyyətinin artırılması, süni intellektin təhsil sisteminə təsiri, əmək bazarında formalaşan yeni bacarıq tələbləri, rəqəmsallaşma prosesləri və beynəlxalq əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılır.
Azərbaycan bu nüfuzlu platformada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” təşəbbüsü və ölkənin müxtəlif ali təhsil müəssisələrinin rəhbər və nümayəndələrindən ibarət heyətlə təmsil olunur.
Sammit çərçivəsində keçirilən görüş və müzakirələrin Azərbaycanın ali təhsil sektorunun beynəlxalq əlaqələrinin genişlənməsinə, universitetlərin xarici tərəfdaşlarla əməkdaşlığının güclənməsinə və ölkənin təhsil imkanlarının qlobal auditoriyaya daha geniş təqdim edilməsinə töhfə verəcəyi gözlənilir.

