Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin açılış mərasimi olub.
YAP-dan XQ-yə bildirilib ki, əvvəlcə İsmayıllı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək layihənin ilk gününün “Dövlət gənclər siyasəti” mövzusuna həsr olunduğunu bildirib. O, “Heydər Əliyev məktəbi”nin gənc partiya üzvlərinin Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini daha dərindən mənimsəmələri məqsədilə yaradılmış mühüm platforma olduğunu vurğulayıb. Qeyd edilib ki, layihənin məqsədi gənclərə Heydər Əliyev ideyalarını aşılamaq, onların liderlik bacarıqlarının inkişafına və gələcəyin peşəkar kadrları kimi formalaşmalarına dəstək verməkdir.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasətinin əhəmiyyətindən bəhs olunub, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyi vurğulanıb. “Heydər Əliyev məktəbi” layihəsinin gənclərin vətənpərvər, fəal və yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi formalaşmasına töhfə verdiyi qeyd edilib.
Sonda gənclər arasında komanda şəklində idman oyunları keçirilib, əyləncə proqramları təşkil olunub.






