Bolnisidə professor Mədəd Çobanovun xatirəsi anılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Bu gün Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış alim, görkəmli dilçi, istedadlı türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirin məqsədi professor Mədəd Çobanovun zəngin elmi irsinin təbliği, onun həyat və yaradıcılığının gənc nəslə tanıdılması olub.

Mərkəzin direktoru Rezo Həsənov Mədəd Çobanovun həyat yolu, zəngin elmi fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat verib. Təşkilatçılardan Tahirə Əliyeva elmi yaradıcılığı, ana dilimizə, milli mədəniyyətimizə və türkologiya elminə verdiyi dəyərli töhfələr barədə təqdimatla çıxış edib.

Tədbirdə müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri və Darvaz ictimai məktəbinin şagirdləri çıxış edərək professor Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər.

Çıxış edən Bolnisinin fəxri vətəndaşı, Faxralı ictimai məktəbinin müəllimi Bayram Abbasov, tarixçi-alim, sabiq deputat Ramiz Bəkirov, Kəpənəkçi və Darvaz ictimai məktəbinin müəllimi Zakir Məmmədov, professorun tələbələri Kifayət Cəfərli, Minarə Gərəkova və Tinatin Əliyeva mərhum alimlə bağlı xatirələrindən bəhs edərək onun Azərbaycan elminə və türkologiyaya əvəzsiz töhfələr verdiyini, zəngin elmi və mənəvi irs qoyub getdiyini vurğulayıblar. Çıxışlarda professorun gənclərin savadlı, vətənpərvər və geniş dünyagörüşlü yetişməsi naminə yazdığı kitabların və şeirlərin əhəmiyyətindən də danışılıb.

Darvaz ictimai məktəbinin şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nərgilə Musayeva Mədəd Çobanova həsr olunmuş şeirləri səsləndiriblər. Həmçinin professorun oğlu Müşfiq Çobanovun tədbir iştirakçıları üçün göndərdiyi kitablar şagirdlərə və qonaqlara təqdim olunub

P.ƏMİRCANOV
XQ









Elm