"Pambıq istehsalı üzrə 15 rayon hədəf rayon kimi müəyyən edilib"-Nazir müavini

post-img

Bunu Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib. Onun sözlərinə görə, bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı və lazer hamarlama imkanları daha yüksəkdir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. 

Nazir müavini diqqətə çatdırıb ki, növbəti əsas istiqamət müasir suvarma sistemlərinin genişləndirilməsidir. Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir.

O, vurğulayıb ki, Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.

Z.Əliyevin sözlərinə görə, hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur.

M.BAĞIRLI

XQ

İqtisadiyyat