Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünya aviasiya tarixində ilk dəfə olaraq yalnız hidrogenin qaldırıcı qüvvəsi ilə işləyən "Atlantic Explorer" qaz aerostatı Atlantik okeanını keçərək tarixi uçuşu uğurla başa vurub. Cəmi 70 saat 11 dəqiqə davam edən bu rekord səyahət zamanı hava şarı 5282 kilometr məsafə qət edərək Lüxemburqda təhlükəsiz şəkildə yerə enib. ABŞ-nin Men ştatından iyunun 4-də sübhdən başlayan bu təhlükəli missiyanın heyətinə təcrübəli aerostat konstruktoru Bert Padelt, təqaüddə olan mühəndis Piter Kuneo və britaniyalı səyyah Alisiya Hemplman-Adams daxil idilər. Hidrogenlə doldurulmuş qaz aerostatları havanı propanla qızdıran klassik hava şarlarından fərqli olaraq əlavə yanacaq sərf etmədən daimi qaldırıcı qüvvə təmin etdiyi üçün belə uzaq məsafələr üçün ən ideal vasitə hesab olunur.
Heyət Nyufaundlend sahillərini geridə qoyduqdan sonra artıq geri dönüş yolu yox idi və seçim çox sadə idi, ya Avropaya çatmaq, ya da Atlantikanın buzlu sularında məhv olmaq. Əlverişli hava axınlarını yaxalamaq üçün pilotlar bəzən 7600 metr yüksəkliyə qalxmalı olurdular ki, bu məkanda da huşlarını itirməmək üçün oksigen balonlarından istifadə edirdilər. Səyyahlar kiçik bir şkaf boyda olan və yalnız yağışdan qoruyan sadə plastik örtüklü açıq alüminium səbətdə mənfi 17 dərəcəyə çatan şaxtaya, fasiləsiz yağan yağış və qara dözməli olublar. Üstəlik, nəhəng qişanın üzərində toplanan ağır buz təbəqəsi şarı davamlı olaraq aşağı çəkir və uçuşu daha da riskli edirdi.
Lüxemburqa eniş edən heyət üzvləri həm sağ qaldıqları, həm də yeni dünya rekordlarına imza atdıqları üçün böyük coşğu ilə qarşılanıblar. Alisiya Hemplman-Adams qaz aerostatı ilə Atlantik okeanını keçən ilk britaniyalı qadın olaraq bir neçə il əvvəl analoji səyahəti təkbaşına edən məşhur tədqiqatçı atası ser Devid Hemplman-Adamsın uğurunu təkrarlayıb. Dörd günlük gərgin uçuş müddətində könüllü meteoroloqlar və hava hərəkəti dispetçerlərindən ibarət beynəlxalq dəstək qrupunun peşəkarlığı sayəsində idarə olunan bu tarixi missiyada pilotlar səbətdəki yeganə çarpayıda növbə ilə cəmi bir neçə saat yataraq dözümlülük nümayiş etdiriblər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

