Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əgər fermer məhsulu yığdıqdan sonra saxlama imkanı yoxdursa, o, məhsulu dərhal və çox vaxt aşağı qiymətə satmağa məcbur olur. Bu isə fermerin gəlirinə mənfi təsir göstərir. Eyni zamanda məhsul itkiləri artır, keyfiyyət qorunmur, emal və ixrac imkanları məhdudlaşır.
XQ xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur.
“Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək. Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur. Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir. Şəki-Zaqatala iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıq, meyvəçilik, tütünçülük və heyvandarlıq potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir”, - deyə Zaur Əliyev vurğulayıb.
Nazir müavinin sözlərinə görə, Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir: “İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür. 2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir. Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir. Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır. Bağçılıqda aqrotexniki qulluq üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans şəklində əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmi olacaq. Çünki bağçılıqda budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər qulluq tədbirləri vaxtında aparılmalıdır. Fermerin mövsümün əvvəlində maliyyə imkanının olması bu tədbirlərin keyfiyyətinə birbaşa təsir edir”.

