Müstəqil Azərbaycanın inkişaf salnaməsində dövlət qulluğu institutu xüsusi yer tutur. Dövlət idarəçiliyinin səmərəliliyi, vətəndaş məmnunluğunun təmin olunması, qanunun aliliyinin qorunması və dövlət siyasətinin uğurla həyata keçirilməsi ilk növbədə peşəkar, məsuliyyətli və vətənpərvər dövlət qulluqçularının fəaliyyəti ilə bağlıdır. Hər il 23 iyun tarixinin ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunması da bu peşənin cəmiyyət və dövlət həyatındakı mühüm roluna verilən yüksək qiymətin ifadəsidir.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı mühüm rolu, həmçinin BMT Baş Məclisinin 23 iyun tarixini BMT-nin Dövlət Qulluğu Günü elan etməsi nəzərə alınaraq həmin tarix Azərbaycanda da Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi müəyyənləşdirilmişdir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, peşəkar kadr potensialının yaradılması, dövlət orqanlarının fəaliyyətinin müasir prinsiplər əsasında qurulması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Ulu Öndərin təşəbbüsü ilə hazırlanaraq 21 iyul 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə dövlət qulluğu sisteminin hüquqi əsaslarını müəyyən etmiş, bu sahədə vahid və şəffaf idarəetmə mexanizminin formalaşmasına zəmin yaratmışdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə dövlət idarəetməsinin modernləşdirilməsi, rəqəmsal transformasiya, vətəndaş yönümlü xidmətlərin genişləndirilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət qulluğuna qəbulun şəffaf müsabiqə və müsahibə mexanizmləri əsasında təşkili, etik davranış qaydalarının təkmilləşdirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi bu sahədə aparılan islahatların mühüm tərkib hissəsidir.
Bu gün Azərbaycan dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində, dövlət proqramlarının icrasında, vətəndaş müraciətlərinin operativ həllində və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm missiya daşıyırlar. Onların fəaliyyəti dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə, cəmiyyətin rifahına və dövlətçiliyin möhkəmlənməsinə xidmət edir.
Dövlət qulluğu yalnız peşə deyil, həm də böyük məsuliyyət və dövlətə sədaqət nümunəsidir. Bu şərəfli missiyanı yerinə yetirən insanlar dövlət maraqlarını hər şeydən üstün tutaraq ölkənin inkişafına öz töhfələrini verirlər. Məhz buna görə də Dövlət Qulluqçularının Peşə Bayramı Günü dövlətə və xalqa xidmət edən insanların əməyinə ehtiramın, onların fəaliyyətinə verilən yüksək dəyərin təcəssümüdür.
Nurəngiz Adilqızı
XQ

