Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq SWAIS2C layihəsi çərçivəsində çalışan alimlər Antarktidanın planetimizin iqliminə təsirini öyrənmək yolunda olduqca mühüm bir addım atıblar. Onlar Ross dənizindəki Krari sualtı silsiləsində, birbaşa buzlaq örtüyünün altından çıxarılmış 228 metr uzunluğunda qədim çöküntü, palçıq və süxur qatlarını dərindən analiz ediblər. Bu qiymətli materialın əldə edilməsi düz üç il vaxt aparıb, çünki tədqiqat sahəsi relyef baxımından son dərəcə əlverişsiz məkanda yerləşir. Üstəlik, ekstremal hava şəraiti və texniki nasazlıqlar altında 523 metrlik qalın buz layını qazaraq keçmək alimlərdən böyük rəşadət tələb edib. Nəticədə, keçmiş iqlimin bənzərsiz arxivi sayılan unikal süxur nümunəsi (kern) nəhayət ki, əldə olunub.
Dünyanın 30 aparıcı mütəxəssisinin qatıldığı bu irimiqyaslı araşdırmada süxurların hər bir təbəqəsi mikroskopik səviyyədə yoxlanılıb, onların rəngi, sıxlığı və geokimyəvi göstəriciləri tək-tək qeydə alınıb. Bu elmi göstəricilər qlobal temperatur cəmi 2 dərəcə Selsi artacağı təqdirdə Antarktida buzlaqlarının gələcəkdə nə qədər sürətlə əriyə biləcəyini və bu prosesin dünya okeanının səviyyəsinə necə təsir edəcəyini dəqiqliklə proqnozlaşdırmağa imkan verir.
İyunun əvvəlində Yeni Zelandiyanın ORCA adlı xüsusi anbarında bu süxurların ilkin analizinə həsr olunmuş geniş seminar keçirilib. Hazırda toplanmış tarixi materiallar növbəti elmi mərhələ üçün ABŞ-yə göndərilir və orada digər müstəqil tədqiqatçılar üçün də açıq olacaq. Alimlər xüsusi olaraq xəbərdarlıq edirlər ki, cənub qitəsində baş verən hər bir dəyişiklik zəncirvari reaksiya ilə bütün planetin gələcək taleyini birbaşa müəyyən edir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

