Nazir müavini: Subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvan baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıq və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

XQ xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, kadr təminatının gücləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir.

“Bu proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır. Həmçinin Dövlət Proqramı kompleksliliyi həmçinin dəyər zənciri üzrə bütün həlqələri, həm aqrar istehsal, emal və loqistika zənciri üzrə hədəf və tədbirləri əhatə etməsi ilə də səciyyəvidir. Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib. Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması. Bununla yanaşı, proqram yalnız istehsal və emal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur”, - deyə Zaur Əliyev vurğulayıb.

Sosial həyat