Ərik Festivalı Samuxda bərəkət bayramına çevrilib

post-img

İyunun bərəkəti bu dəfə Samuxa ərik ətri ilə gəlib. Günəşin altında qızaran bağlar, budaqlardan sallanan narıncı meyvələr, kənd adamının bir illik zəhməti və minlərlə qonağın marağı Samuxu yenidən böyük bayram meydanına çevirib.

Samux rayonunda “Regional İnkişaf” İctimai Birliyi, Samux Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “III Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.

Artıq ənənəyə çevrilən festival təkcə kənd təsərrüfatı tədbiri deyil, həm də Samuxun zəhmətkeş insanlarının, məhsuldar torpaqlarının və zəngin mədəniyyətinin təqdimatıdır. Rayonun müxtəlif guşələrindən, eləcə də ölkənin ayrı-ayrı bölgələrindən gələn qonaqlar gün ərzində həm Samux ərikçiliyinin uğurlarının, həm də milli dəyərlərimizi əks etdirən maraqlı proqramların şahidi olublar.

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhərin mərkəzində bayram yürüşü təşkil olunub. Milli musiqinin müşayiəti ilə keçən yürüş Samux küçələrinə xüsusi rəng qatıb, şəhəri əsl festival ab-havasına bürüyüb.

Festivalın əsas ünvanına çevrilən Samux parkında isə ərik, sözün əsl mənasında, baş qəhrəman olub. Fermerlərin yetişdirdikləri müxtəlif ərik sortları, ərikdən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar sərgilənib. Qonaqlar bir tərəfdən məhsulların dadına baxıb, digər tərəfdən isə Samuxun bağçılıq ənənələri ilə yaxından tanış olublar.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, rayonda bağçılıq ildən-ilə inkişaf edir. Onun sözlərinə görə, hazırda Samuxda 500 hektardan artıq ərik bağı mövcuddur və burada 16 müxtəlif ərik sortu yetişdirilir. Qeyd olunub ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət kənd təsərrüfatında, xüsusilə də bağçılıq sahəsində mühüm nəticələrə yol açıb.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli isə çıxışında vurğulayıb ki, ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən siyasət məhsuldarlığın artırılmasına, müasir texnologiyaların tətbiqinə və fermerlərin bazar imkanlarının genişlənməsinə xidmət edir. Onun sözlərinə görə, Samuxda keçirilən bu festival həm yerli məhsulların tanıdılması, həm də aqrar sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində aqrar texnikalar, innovativ avadanlıqlar, toxum və gübrə məhsulları nümayiş etdirilib, fermerlər üçün maarifləndirici təqdimatlar keçirilib. Eyni zamanda sənətkarların əl işləri, məktəblilərin rəsm sərgiləri, milli rəqslər, idman yarışları və müxtəlif əyləncə proqramları tədbirə xüsusi rəng qatıb.

Günün sonunda isə Samux səhnəsi musiqinin, alqışların və bayram sevincinin ünvanına çevrilib. Tanınmış incəsənət nümayəndələrinin çıxışları ilə davam edən festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Həmin axşam Samux bir daha göstərdi ki, ərik həm də zəhmətin, bərəkətin və torpağa bağlılığın rəmzidir.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri



Sosial həyat