Qrup mərhələsinin II turu başa çatır

post-img

Haiti, Türkiyə və Tunis çempionatla vidalaşdı

Futbol üzrə Dünya çempionatının qrup mərhələsinin 2-ci turunun oyunları sona yaxınlaşır. Artıq ilk 2 turun nəticələrinə görə Haiti, Türkiyə və Tunis milliləri turnirlə rəsmən vidalaşıb.

İyunun 19-da keçirilən oyunlarda C və D qruplarında gərgin mübarizə qeydə alınıb və ümumilikdə 7 qol vurulub. D qrupunda Sietl stadionunda baş tutan görüşdə ev sahibləri ABŞ Avstraliya üzərində üstün oyunla qələbə qazanıb–2:0. Oyunda qolları 11-ci dəqiqədə Kameron Börces (avtoqol) və 44-cü dəqiqədə Aleks Frimen vurub.

Həmin qrupda Paraqvay millisi Türkiyə ilə qarşılaşıb. San-Fransiskoda baş tutan qarşılaşmada Türkiyə millisi 0:1 hesablı məğlubiyyətlə üzləşərək mundialdakı pley-off ümidləri ilə vaxtından əvvəl vidalaşıb. Görüşün 2-ci dəqiqəsində Xulio Ensisonun ötürməsindən sonra Paraqvay millisinin yarımmüdafiəçisi Matias Qalarsa uzaq məsafədən dəqiq zərbə ilə hesabı açıb. Türklər birinci hissənin sonlarında azlıqda qalan paraqvaylılarla bacara bilməyib.

C qrupunda Braziliya Haitini böyük hesabla məğlub edib. İlk oyundakı xal itkisindən sonra “sambaçılar” rəqibini məğlub edib. 23-cü və 36-cı dəqiqələrdə Mateus Kunya hesabı 2-yə çatdırıb. Matçın ilk hissəsinə əlavə olunmuş vaxtda (45+3-cü dəqiqədə) Lukas Paketanın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Vinisius Junior yekun hesabı müəyyənləşdirib 3:0. Bu məğlubiyyətdən sonra Haiti yığması isə pley-off şansını tamamilə itirib.

Boston stadionunda keçirilən bu qrupdakı digər matçda Mərakeş Şotlandiya ilə görüşüb. İsmail Saibari matçın 2-ci dəqiqəsində (70-ci saniyəsində) İspaniyanın “Real Sosyedad” klubunun ulduzu Brahim Diazın ötürməsindən sonra topu qapının üst küncünə vuraraq hesabı açıb–1:0.

İyunun 20-də E və F qruplarında keçirilən qarşılaşmalarda hücum futbolun ön plana çıxdığı həmin gün azarkeşlər 13 qolun şahidi olublar.

F qrupunda Niderland–İsveç matçı Hüston stadionunda baş tutub. Niderlandlılar turnirin ən böyük darmadağınlarından birinə imza atıblar–5:1. Brayan Brobbi matçın 5-ci və 17-ci dəqiqələrində erkən qollarla dubl edərək Niderlandı sürətlə önə keçirib–2:0. Kodi Qakpo ikinci hissənin əvvəlində, 47-ci və 54-cü dəqiqələrdə vurduğu qollarla hesabı 4:0 edib. Entoni Elanqa 59-cu dəqiqədə İsveç millisinin oyundakı yeganə təsəlli qoluna imza atıb. Krisensio Sammervill matçın 89-cu dəqiqəsində yekun hesabı (5:1) müəyyənləşdirib.

Bu qrupda Yaponiyanın komandası Tunis üzərində inamlı qələbə qazanıb–4:0. Daiçi Kamada qarşılaşmanın 4-cü dəqiqəsində Keito Nakamuranın ötürməsini qapıdan keçirərək hesabı açıb. Bu, Yaponiyanın DÇ tarixində vurduğu ən erkən qol olub. Ayase Ueda 31-ci dəqiqədə cərimə meydançasının kənarından uzaq küncə güclü zərbə ilə hesabı 2:0 edib. O, 83-cü dəqiqədə növbəti qolunu vuraraq baxımlı baş zərbəsi ilə dublunu tamamlayıb və matçın ən yaxşı oyunçusu seçilib. Cunya İto isə 69-cu dəqiqədə Uedanın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxaraq komandasının üçüncü qoluna imza atıb.

Afrikalılar bu məğlubiyyətdən sonra rəsmən turnirdən kənarlaşdırılıblar.

E qrupunda Almaniya Fil Dişi Sahili ilə qarşılaşıb. Torontoda keçirilən dramatik oyunda almanlar minimal fərqlə qalib gələrək (2:1) növbəti pley-off vəsiqəsini təmin ediblər. Frans Kessi oyunun 30-cu dəqiqəsində Yan Diomandenin ötürməsindən sonra afrikalıları hesabda önə keçirib. Deniz Undav 68-ci dəqiqədə və matçın sonuna əlavə olunmuş vaxtda (90+4-cü dəqiqədə) 2 qol vuraraq almanlara qələbə qazandırıb.

E qrupunda Kanzas Siti stadionunda keçirilən Ekvador – Kurasao oyununda hesab açılmayıb–0:0.

İyunun 21-də – turnirin nəhənglərinin meydana çıxdığı bu gündə qapılara 11 qol vurulub. Atlantada keçirilən H qrupunda İspaniya–Səudiyyə Ərəbistanı qarşılaşmasında gənc ulduz Lamine Yamal Dünya çempionatında ilk qolunu vurub. İspanların rəqib qapısına vurduğu 4 cavabsız qol onların növbəti mərhələyə adlamaq şansını xeyli artırıb. Matçın 11-ci dəqiqəsində Lamin Yamal Mikel Oyarsabalın ötürməsindən sonra hesabı açaraq, İspaniya forması ilə DÇ tarixində qol vuran ən gənc ikinci futbolçu olub. İspanların hücumçusu Mikel Oyarsabal 21-ci və 24-cü dəqiqələrdə ard-arda iki qol vuraraq dubla imza atıb və matçın ən yaxşı oyunçusu seçilib. Həsən Əl-Tambakti ikinci hissənin əvvəlində, 49-cu dəqiqədə Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Həsən Əl-Tambakti topu öz qapısına göndərərək (avtoqol) yekun hesabı müəyyənləşdirib–4:0.

G qrupunda Misir–Yeni Zelandiya görüşündə Məhəmməd Salahın liderliyində Afrika təmsilçisi tarixi qələbə qazanıb–3:1. Finn Serman 15-ci dəqiqədə künc zərbəsindən sonra güclü baş zərbəsi ilə Yeni Zelandiya millisini hesabda önə keçirib–1:0. Mustafa Ziko 58-ci dəqiqədə Məhəmməd Haninin ötürməsindən sonra başla dəqiq oynayaraq hesabı bərabərləşdirib–1:1. Məhəmməd Salah 67-ci dəqiqədə Mustafa Zikonun dabanla ötürməsindən sonra sol ayağı ilə uzaq küncü dəqiq nişan alaraq Misiri önə keçirib–2:1. Trezeqe 82-ci dəqiqədə Məhəmməd Salahın yerinə yetirdiyi künc zərbəsindən ötürülən topu başla qapıdan keçirərək yekun hesabı müəyyənləşdirib–3:1.

Həmin qrupda Belçika–İran görüşündə qol vurulmayıb. Belçika millisi 10 nəfərlə qaldığı matçda İranın inadkar müdafiəsini yara bilməyib və tərəflər xalları bölüşüb.

H qrupunda Uruqvay – Kabo-Verde qarşılaşması da dramatikliyi ilə yadda qalıb. Mundialın debütantı Kabo-Verde tarixi oyun nümayiş etdirərək güclü Uruqvaydan 1 xal qoparmağı bacarıb. Kevin Lenini oyunun 21-ci dəqiqəsində cərimə zərbəsindən, təxminən, 30 metrlik məsafədən baxımlı qol vuraraq Kabo-Verdeni hesabda önə keçirib–1:0. Bu debütant ölkənin Dünya çempionatları tarixindəki ilk qolu kimi qeydə alınıb. Maksimiliano Arauxo 44-cü dəqiqədə rəqib müdafiəçinin öz dirəklərinə vurmasından sonra qayıdan topu başla tamamlayaraq Uruqvay üçün bərabərlik qolunu vurub–1:1. Aqustin Kanobbio ilk hissəyə əlavə olunmuş vaxtda (45+6-cı dəqiqədə) Arauxonun ötürməsini qapıdan keçirərək Uruqvay millisini fasiləyə üstün yollayıb–2:1. Lakin Kabo-Verde təslim olmayıb. Oyuna sonradan daxil olan hücumçu Elio Varela 61-ci dəqiqədə Uruqvayın qapıçısı Fernando Musleranın kobud səhvindən istifadə edərək topu boş qapıya göndərib və matçın yekun hesabını (2:2) müəyyənləşdirib.

Dünən axşam J qrupunda keçirilən Argentina – Avstriya oyununda keçmiş dünya çempionları 2:0 hesabı ilə qalib gəlib. Matçın 9-cu dəqiqəsində penalti zərbəsindən yararlana bilməyən dünya futbolunun ulduzu Leonel Messi 38-ci və 90+5 dəqiqələrdə vurduğu qollarla dubla imza atıb. Bu oyundakı qolları ilə Messi DÇ tarixində ümumi qol sayını 18-ə çatdıraraq Miroslav Klozeni geridə qoyub və dünya çempionatlarının bütün zamanların ən çox qol vuran futbolçusu olaraq mütləq rekorda imza atıb.

Bu gün gecə və səhər saatlarında keçirilən 3 qarşılaşma ilə qrup mərhələsinin II turu başa çatıb. Futbol azarkeşlərinin maraqla izlədiyi J qrupunda İordaniya – Əlcəzair, I qrupunda isə Fransa – İraq və Norveç – Seneqal görüşləri ilə 2-ci tura yekun vurulub. Qarşıda isə bizi qrup mərhələsinin həlledici görüşləri–3-cü turun oyunları gözləyir.

Qabil ƏLİYEV
XQ









İdman