Yer kürəsinin patogen bakteriyaları Mars şəraitinə meydan oxuyur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Yer kürəsində yaşayan bəzi bakteriyaların Marsın çətin iqlim şəraitinə tab gətirdiyi, hətta bəzi hallarda bu mühitdən böyümək üçün yararlandığı məlum olub. Bu kəşf gələcəkdə Marsa planlaşdırılan pilotlu kosmik missiyalar üçün ciddi siqnaldır. Çünki insanı mütləq şəkildə müşayiət edən bu gözəgörünməz mikroorqanizmlər həm astronavtların sağlamlığı, həm də Marsda mövcud ola biləcək potensial yerli həyat formaları üçün böyük təhlükə yaradır.

Kosmik gəmiləri tamamilə sterilləşdirmək texniki baxımdan qeyri-mümkün olduğundan, bakteriyalar avadanlıqların üzərində digər planetlərə asanlıqla daşına bilir. Əvvəllər alimlər yalnız ekstremal şəraitə dözümlü xüsusi mikrobları (ekstremofilləri) araşdırırdılar. Lakin gündəlik həyatımızda və bədənimizdə rast gəlinən, immun sistemi zəif olan insanlar üçün şərti-patogen (təhlükəli) sayılan bakteriyaların kosmosdakı davranışı kölgədə qalırdı. Yeri gəlmişkən, bu problem təkcə bakteriyalara aid deyil; elə 2026-cı ilin aprelində aparılan araşdırmalar göstərdi ki, "Aspergillus calidoustus" göbələyi də Mars səyahətinə dözməklə qalmır, həm də orada məskunlaşmaq potensialına malikdir.

Niderlandın Radboud Universitetinin tədqiqatçısı Tommazo Dzakkariyanın (Tommaso Zaccaria) rəhbərliyi ilə aparılan son elmi işdə sənaye və süni mühitlərdə geniş yayılan 4 təhlükəli bakteriya növü analiz edilib:

Burkholderia cepacia

Klebsiella pneumoniae

Pseudomonas aeruginosa

Serratia marcescens

Təcrübələr sübut edir ki, insan fəaliyyəti nəticəsində qırmızı planetə ayaq basacaq bu mikroblar kosmosun radiasiya, soyuq və quraqlıq sınaqlarından keçərək yeni "evlərində" çoxala bilərlər. Bu isə o deməkdir ki, bəşəriyyət Marsa getməzdən əvvəl, özü ilə aparacağı "gözəgörünməz yükün" profilaktikası barədə ciddi düşünməlidir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya