Astronomiyada zaman maşını: Alimlər ulduzların doğulduğu qeyri-adi bölgənin yeni xəritəsini çəkiblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

"Ceyms Uebb" kosmik teleskopu Yer kürəsindən təxminən 1300 işıq ili uzaqlıqda yerləşən və ulduzların aktiv şəkildə yarandığı məşhur Orion A molekulyar buludunun yeni, bənzərsiz təsvirini təqdim edib. Gecə səmasında yaxşı tanınan Orion qurşağının cənubunda yerləşən bu struktur kosmik qaz və toz hissəciklərindən ibarət olan, uzunluğu təxminən 290 işıq ilinə bərabər nəhəng bir sap formalı topadır. Öz ölçülərinə görə planetimizə ən yaxın molekulyar buludlardan biri sayılan Orion A Günəş sisteminin ətrafındakı ən böyük ulduz beşikləri sırasında yer alır.

Astronomların hesablamalarına görə, təkcə son bir neçə milyon il ərzində bu nəhəng kosmik məkanda 3000-ə yaxın ulduz obyekti formalaşıb. Hazırda buludun daxilində inkişaf prosesini hələ tamamlamamış çoxlu sayda gənc protoulduzlar – yəni yeni doğulan işıq mənbələri var. Onların əksəriyyəti sonradan planetlərin, asteroidlərin və digər göy cisimlərinin yaranmasına rəvac verən qaz-toz diskləri ilə əhatə olunublar.

Orion A kimi aktiv kosmik bölgələrin dərindən öyrənilməsi alimlərə təxminən 4,6 milyard il əvvəl bizim doğma Günəş sistemimizin hansı mərhələlərdən keçərək formalaşdığını anlamağa kömək edir. Astronomlar burada bir növ təbii zaman maşınını müşahidə edirlər, çünki ulduzlararası qaz kütləsindən gələcək planet sistemlərinin necə doğulduğunu canlı olaraq görmək fürsəti yaranıb. "Ceyms Uebb" teleskopu infraqırmızı diapazonda yüksək həssaslıqla işlədiyi üçün adi optik cihazların görə bilmədiyi qatı kosmik toz pərdəsini asanlıqla yararaq bəşəriyyətə ulduz doğuluşunun ən erkən və gizli mərhələlərini təqdim edir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı