Zaur Əliyev: Rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

“Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin yaradılması, DAİM-lərin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.

XQ xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır.

“Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir. Proqramın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir.

Bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib ki, Şəki və Qax rayonu bu siyahıya daxildir. Presepktiv rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər hesabına suvarma suyu təminatının yaxşılaşdırılması və ixtisaslaşma üzrə buğda məhsuldarlığının artırılması hədəflənir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir”, - deyə Zaur Əliyev vurğulayıb.

Nazir müavini əlavə edib ki, bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur: “Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək”.

Sosial həyat