Natiq Əmirov: Aqrar sahədə əldə olunan nailiyyətlərlə yanaşı, son illərdə müşahidə edilən durğunluq yeni yanaşmaların tətbiqini zəruri edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Son illərdə aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafında mühüm nəticələr əldə olunmasına şərait yaradıb. Yeni Dövlət Proqramı isə bu sahədə məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

XQ xəbər verir ki, bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov deyib.

Onun sözlərinə görə, 2015-2025-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, müxtəlif istiqamətlər üzrə dövlət proqramları qəbul olunub, kənd təsərrüfatına dövlət dəstəyi artırılıb.

“Görülən tədbirlər nəticəsində bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, suvarma infrastrukturunun yenilənməsi, texnika parkının müasirləşdirilməsi və aqroparkların yaradılması istiqamətində mühüm işlər görülüb. Aqrar sahədə əldə olunan nailiyyətlərlə yanaşı, son illərdə müşahidə edilən durğunluq yeni yanaşmaların tətbiqini zəruri edib. Bu məqsədlə Prezidentin tapşırıqları əsasında kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi istehsalın həcmini deyil, məhsuldarlığı artırmaq, aqrar sahədə intensiv və rəqabətqabiliyyətli inkişaf modelinə keçidi təmin etməkdir”, - deyə Natiq Əmirov vurğulayıb.

Sosial həyat