Dübəndidə neft sızması qəzası aradan qaldırılır

post-img

Xəzərdə ekoloji təhlükə də sovuşdurulacaq

Xəbər verildiyi kimi, iyunun 19-da “Azneft” İstehsalat Birliyinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə edilməsi ilə bağlı məlumat daxil olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, dərhal aparılan əməliyyatla Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.

Qeyd edilib ki, hadisənin ilkin mərhələsində neftin fəal çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində sızma mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib və qəza baş vermiş sualtı kəmərlə neftin nəqli dayandırılıb, operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb. “Azneft” İB-nin dalğıc xidməti sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edib. Qəzanın xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib.

Məlumatda daha sonra bildirilib: “Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər yekunlaşana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır. Hadisənin nəticələrinin aradan qaldırılması, eləcə də dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir”.

Qeyd edək ki, belə hadisələr dünyanın dəniz və okean sularında da zaman-zaman müşahidə olunur. Bunun isə əsas səbəbi dəniz ekosistemlərindəki neft-qazçıxarma platformalarındakı sızmalar, gəmiçilik qəzaları, çirkab sularının qanunsuz olaraq axıdılması, eləcə də dəniz dibindəki təbii neft və qaz sızıntıları kimi amillərlə bağlıdır. Ləkələrin əmələgəlmə və yayılma səbəblərinə gəldikdə isə, bu cür hallar ən çox neftin çıxarılması və nəqli, dənizdə yerləşən neft quyuları və platformalarındakı qəzalar, eləcə də gəmilərin istismarı zamanı baş verir. Hər il qlobal miqyasda irili-xırdalı onlarca neft sızması hadisəsi qeydə alınır. Belə hadisələr nəticəsində milyonlarla barel neft suya qarışır.

Tarixin ən böyük neft sızması isə 1991-ci ildə Fars körfəzi müharibəsi zamanı baş verib. Həmin hadisə vaxtı körfəzə, təxminən, 1,5 milyon tona yaxın neft axıdılıb. 2010-cu ildə Meksika körfəzində qeydə alınmış təsadüfi dəniz neft sızması da bu tip ən böyük hadisələrdəndir. Platformada qeydə alınmış partlayışdan sonra 87 gün ərzində dənizə, təxminən, 3,19 milyon barel neft sızıb. 2024 və 2026-cı illərdə Meksika körfəzində və Qara dənizdə də qeydə alınıb. Həmin hadisələr nəticəsində neft və neft məhsullarının dənizə sızması baş verib.

Yeri gəlmişkən, Beynəlxalq Tanker Sahiblərinin Çirklənmə Federasiyasının statistikalarına əsasən, qlobal miqyasda dəniz neft sızmalarının sayı əvvəlki onilliklərlə müqayisədə ciddi şəkildə azalsa da, hələ də müxtəlif bölgələrdə qəza və boru xətti nasazlıqları qeydə alınmaqdadır. Bu baxımdan Azərbaycanın yerləşdiyi Xəzər dənizi hövzəsində də bu tipli lokal monitorinqlər aparılır və müvafiq təmizləmə tədbirləri həyata keçirilir.

Ekspertlərin fikrincə, sızma riskləri Xəzər dənizi kimi əsas neft-qaz hasilatı mərkəzləri üçün də xarakterikdir. Odur ki, təşviş üçün ciddi əsas yoxdur və Xəzərin Dübəndi sahilində müşahidə olunan neft ləkələri tezliklə təmizlənərək dənizin ekoloji mühitinin sağlamlaşdırılması tam təmin olunacaq.

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Dənizdə baş verən neft sızmaları zamanı operativ müdaxilə və peşəkar idarəetmə ekoloji və iqtisadi fəsadların minimuma endirilməsində həlledici rol oynayır. Neft sızmaları zamanı ilk saatlarda həyata keçirilən tədbirlər sonrakı mərhələlərdə yaranacaq risklərin miqyasını müəyyənləşdirir. Ümumilikdə isə, belə məsələlərdə operativlik həddindən artıq önəmlidir. Çünki bu tip fəsadlar ilk saatlarda daha sürətli olur. Quyu bağlansa da, yaxud mənbə lokallaşdırılsa da, kəmərdə qalan təzyiq nəticəsində müəyyən qədər boşalmalar davam edə bilir. Buna görə də ilk saatlarda edilən kritik müdaxilələr çox böyük əhəmiyyət daşıyır.

Müdaxilənin gecikməsi isə neftin daha geniş ərazilərə yayılmasına və dəniz ekosisteminə daha çox zərər vurmasına səbəb ola bilər. Bu isə dənizdə yaşayan canlıların həyatını risk qarşısında qoyur. Təkcə balıqların deyil, bütövlükdə, dəniz florası və faunasının ciddi ziyan görməməsi üçün prosesə dərhal müdaxilə edilməsi vacibdir.

Dünyanın neft sənayesində formalaşmış təcrübəyə əsasən, belə hallarda əsas məqsəd, ilk növbədə, sızmanın mənbəyini lokallaşdırmaq və yayılmanın qarşısını almaqdır. Dünyanın aparıcı neft şirkətləri ilə uzunmüddətli əməkdaşlıq edən SOCAR-ın bu tip proseslərin idarə olunması ilə bağlı kifayət qədər təcrübəsi var. Beynəlxalq təcrübədə belə hadisələrin idarə olunmasında, ilk növbədə, mənbə bağlanır. Bundan sonra neftin yayılmasının məhdudlaşdırılması üçün tədbirlər görülür. Çünki suyun səthinə çıxan neft sürətlə geniş əraziyə yayıla bilir. Buna görə də mexaniki üsullarla yayılmanın qarşısı alınır. Bəzi hallarda dispersantlardan və bioloji təmizləmə metodlarından da istifadə edilir.

Sızmanın qarşısı alındıqdan sonra vəziyyətin tam qiymətləndirilməsi məqsədilə monitorinq mərhələsi başlayır. Bunun qarşısı alındıqdan sonra artıq suyun keyfiyyəti və dəniz canlılarının vəziyyəti monitorinq olunur ki, mövcud vəziyyət qiymətləndirilsin. Sonrakı mərhələdə isə sıradan çıxmış infrastrukturun bərpası həyata keçirilir, boru kəmərləri və digər texniki qurğularda yaranmış nasazlıqlar aradan qaldırılır. Bu cür hadisələr dünyanın müxtəlif ölkələrində zaman-zaman baş verir və əsas məsələ operativ reaksiya, peşəkar idarəetmə və nəticələrin qısa müddətdə aradan qaldırılmasıdır. Bu istiqamətdə çevik tədbirlərin görülməsi həm ekoloji risklərin, həm də mümkün iqtisadi itkilərin minimuma endirilməsinə imkan yaradır.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat