Azərbaycan – İordaniya əməkdaşlığı Cənubi Qafqazı Yaxın Şərqlə yaxınlaşdırır

post-img

Müasir dövrdə Cənubi Qafqaz və Yaxın Şərq regionları arasındakı qarşılıqlı təmaslar beynəlxalq münasibətlər sisteminin mühüm istiqamətlərindən sayılır. İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi məhz həmin geosiyasi dialoqun nəticəsidir. Görüşün əsas qayəsi regional gərginliyin artdığı şəraitdə dövlətlərarası münasibətlərin inkişaf perspektivlərini qiymətləndirməkdən və parlamentlərarası tərəfdaşlığı möhkəmləndirməkdən ibarət idi.

Yaxın Şərq regionunda hərbi-siyasi böhranın, habelə gərginliyin yüksək həddə çatdığı vaxtda Bakı görüşü müstəsna əhəmiyyət daşıyırdı. İordaniya Haşimilər Krallığı regional münaqişələrin nizamlanmasında və vasitəçilik missiyasında aktiv fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda suverenliyini tam təmin etmiş nüfuzlu dövlət kimi beynəlxalq arenada çəkisini getdikcə artırır. Belə vəziyyətdə hər iki tərəfin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması qlobal güc balansının tənzimlənməsinə töhfə verir. Tərəfdaşlıq əlaqələrinin siyasi, humanitar və parlament səviyyəsində genişləndirilməsi hər iki tərəf üçün strateji hədəf təşkil edir.

Görüşün diqqətçəkən məqamlarından biri İslam həmrəyliyinin möhkəmləndirilməsi və Fələstin məsələsi ilə bağlı aparılan müzakirələrdir. Ölkəmizin İslam həmrəyliyinə sadiqliyini ifadə edən dövlətimizin başçısı Fələstin probleminin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini diqqətə çatdırdı. Rəsmi Bakı Şərqi Qüds (Əl-Qüds Əl-Şərif) paytaxt olmaqla, iki müstəqil dövlət modelini hər zaman dəstəkləyir. Belə qətiyyətli mövqe Azərbaycanın İslam dünyasında ədalətli və qalıcı sülhün tərəfdarı olduğunu təsdiqləyir. İordaniya rəhbərliyi Qüdsdəki müqəddəs məkanların rəsmi himayədarı qismində çıxış etdiyi üçün sözügedən məsələdə Bakının göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirir.

Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çoxtərəfli parlament diplomatiyasının gücləndirilməsi baxımından əlverişli platformadır. Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətinin tədbirdə iştirak etmək məqsədilə ölkəmizə gəlməsi İordaniyanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi təsdiqləyir. Parlamentlərarası əlaqələr dövlət siyasətinin qanunverici səviyyədə möhkəmləndirilməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev həmin səfərin qanunverici orqanlar arasındakı əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını vurğuladı. Sessiya çərçivəsində aparılacaq müzakirələr müsəlman ölkələri arasında siyasi əlaqələrin koordinasiya edilməsinə kömək göstərəcək.

İordaniya nümayəndə heyətinin rəhbəri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini yaxından izlədiklərini bildirdi. “Otuz ilə yaxın işğal altında qalan torpaqların qısa müddətdə yenidən qurulması beynəlxalq miqyasda maraqla qarşılanır. Dağıdılmış şəhərlərin müasir standartlara uyğun tərzdə yenidən qurulması dövlətin siyasi iradəsini və gücünü göstərir” – deyən Mazen Torki Saud Əl-Qadi paytaxt Bakının təmizliyinin, təhlükəsizliyinin və gözəlliyinin onlarda zəngin təəssürat yaratdığını ifadə etdi. Həmin fikirlər Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi sabitliyin və inkişafın beynəlxalq tərəfdaşlar tərəfindən yüksək səviyyədə qəbul olunduğunu sübut edir.

***

Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə ölkənin uğurla inkişaf etdiyini qeyd etdi. İki ölkə rəhbəri arasındakı qarşılıqlı hörmət və etimad münasibətlərin davamlı inkişafını təmin edir. Azərbaycan Prezidenti Kral II Abdullahı ölkəmizə rəsmi səfərə dəvət etdi. Bu, ali səviyyəli diplomatik təmasların davamlı xarakter daşıdığını və gələcəkdə strateji əməkdaşlığın daha da dərinləşəcəyini nümayiş etdirir. Siyasi iradənin mövcudluğu diplomatik əlaqələrin praktiki müstəvidə reallaşdırılmasını asanlaşdırır. Azərbaycan və İordaniya liderlərinin uzaqgörən yanaşması regionlararası əməkdaşlığın uzunmüddətli təməllərini qoyur.

İordaniya parlamenti sədrinin səsləndirdiyi digər mühüm amil Azərbaycandakı xalq-iqtidar vəhdəti və ictimai ədalətin təmin olunması ilə bağlıdır. Mazen Torki Saud Əl-Qadi qeyd etdi ki, xalq ilə dövlət rəhbərliyi arasındakı sıx bağlılıq həyata keçirilən siyasətin uğurunu təmin edən əsas amildir: “Müasir idarəetmə sistemlərində daxili sabitlik fəal xarici siyasətin aparılması üçün mühüm zəmindir. Daxili sabitliyi təmin olunmayan ölkələrdə uğurlu xarici siyasət yürütmək çətinləşir. Azərbaycanın təhlükəsiz və sabit dövlət kimi çıxış etməsi beynəlxalq arenada rəsmi Bakının mövqeyini daha da artırır. İctimai ədalət və xalqın dövlət siyasətinə verdiyi dəstək milli təhlükəsizliyin qarantı hesab olunur”.

Yaxın Şərqdə münaqişələrin gərginləşdiyi, regional təhlükəsizlik təhdidlərinin artdığı hazırkı dövrdə belə təmasların qurulması regional sülhün qorunması məqsədinə xidmət edir. Azərbaycanın fəal xarici siyasət strategiyası regional və qlobal səviyyədə tərəfdaşlıq şəbəkəsini genişləndirməyə hədəflənir. Sözügedən kontekstdə İordaniya ilə əlaqələr həm ikitərəfli müstəvidə, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıyır. Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və humanitar böhranlar fonunda müsəlman ölkələrinin vahid mövqedən çıxış etməsi beynəlxalq hüququn qorunması üçün vacibdir. Azərbaycanın Fələstin məsələsində nümayiş etdirdiyi qətiyyət yalnız bəyanat xarakteri daşımır, eyni zamanda, beynəlxalq təşkilatlarda real diplomatik fəaliyyətlə müşayiət olunur. İordaniya Haşimilər Krallığı da Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sülh gündəliyini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını dəstəkləyərək qarşılıqlı etimadı təsdiqləyir. Belə qarşılıqlı dəstək beynəlxalq hüququn aliliyinin qorunmasının vacibliyini sübut edir.

Beynəlxalq münasibətlərdə parlament əlaqələri xalqlar arasında əlaqələndirici körpü rolunu oynayır. Qanunverici orqanlar səviyyəsində qurulan münasibətlər dövlətlərarası müqavilələrin və siyasi razılaşmaların hüquqi bazasını möhkəmləndirir. Azərbaycan Milli Məclisi ilə İordaniya Nümayəndələr Palatası arasındakı tərəfdaşlıq hər iki ölkənin qanunvericilik təcrübəsinin mübadiləsinə əlverişli şərait yaradır. İkitərəfli dostluq qruplarının fəaliyyəti siyasi dialoqun daha çevik şəkildə aparılmasına kömək göstərir. Bakıda keçiriləcək sessiya çərçivəsində planlaşdırılan görüşlər parlament səviyyəsində əməkdaşlığın yeni hədəflərini müəyyən etməyə imkan verəcək.

Azərbaycan və İordaniya arasındakı münasibətlər qarşılıqlı etimad, hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Prezident İlham Əliyev və Kral II Abdullahın siyasi iradəsi əlaqələrin inkişafının əsas təminatçısı rolunu oynayır. Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri və Bakıda keçirilən yüksək səviyyəli müzakirələr iki ölkə arasındakı tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edir. Regionda və qlobal müstəvidə baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycan-İordaniya dostluğu sarsılmaz xarakter daşıyır. Hər iki tərəfin regional sülhün qorunması və beynəlxalq hüququn aliliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylər qlobal təhlükəsizliyə əsaslı töhfə verir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət