II MƏQALƏ
Sazişdən sonra: ilk risklər
Türkiyə xarici işlər nazirinin ABŞ-İran razılaşması fonunda ehtiyatlı fikirlər irəli sürməsi təsadüfi deyilmiş. Dünya dövlətlərinin bu sənədə münasibəti prizmasında onun səbəblərini görmək mümkündür. İlk növbədə, İran, İsrail və ABŞ “üçbucağında” razılaşma sənədinin bəndləri fonunda hələlik qaranlıq məqamlar müşahidə edilir.
Məsələn, tərəflər texniki çalışmalara başlamaqla bağlı bəndin şərtinə əməl etməmişlər (“Tərəflər razılaşmanın və gələcək öhdəliklərin icrasına nəzarət etmək üçün mexanizm yaratmaq barədə razılığa gəlirlər” bəndi). Əvəzində bir sıra suallar meydana gəlir.
Bundan başqa, D.Vens İsveçrəyə həmin məsələ ilə bağlı səfərinə nədənsə öncədən elan edilmiş müddətdə getmədi. Ekspertlər bunu İran tərəfinin nüvə məhdudiyyəti ilə bağlı nəzərdə tutulan şərtlərə ehtiyatlı yanaşması ilə əlaqələndirirlər. İranın yeni dini lideri M.Xamenei də xalqa müraciətində “başqa fikirdə” olduğunu, lakin hörmətli Prezident M.Pezeşkianın bəzi məsələlərə zəmanət verdiyini ifadə etmişdir. Bu, məsuliyyətdən qaçmaq, yaxud bölüşmək əlamətidirmi? Hələlik aydın deyil.
İsraildən yayılan informasiyalar daha qorxunc təsir bağışlayır. Belə yazırlar ki, B.Netanyahu ümumiyyətlə, ABŞ ilə İran arasında yekun sazişin imzalanmayacağını deyib. Çünki Təl-Əviv buna mane olacaq. İsrailin arqumenti İranın verdiyi sözlərə əməl etməyəcəyi ilə bağlıdır. Bununla əlaqədar bir sıra KİV orqanları prezident D.Trampa Amerikadakı yəhudi lobbisinin ciddi təzyiqlər göstərəcəyindən yazır.
Bunların fonunda İsrail mənbələri Livanın cənubundan İsrail hərbi qüvvələrinin çıxarılmasında D.Trampın israr edə biləcəyini vurğulayırlar. Yəni ABŞ İranla münasibətləri normallaşdırmaq üçün İsraillə ixtilafa girməyə hazırdırmı? Onun əlamətləri görünmür. Əvəzində Ağ Ev yenə də “İbrahim övladları” sazişini müsəlman dövlətlərinin imzalamalı olduğu şərtini təkrarlayır.
Bunlar həm ABŞ-İran-İsrail zəncirində münasibətlərin ziddiyyətli olduğunu, həm də razılaşmanın tam yerinə yetirilməsinə əminliyin yaranmadığını göstərir. H.Fidan bütün bunlara görə praqmatik tezis irəli sürmüşdür. Bu məqamda istiqamətverici siyasi-diplomatik təcrübənin mövcudluğu məsələsi çox aktuallaşır.
Dominantlıqdan imtina
Görünür, bu şərt hər iki tərəf üçün fundamental məna kəsb edir. Hər hansı ölkə regional və ya qlobal miqyasda dominantlığa cana atacaqsa və onu rəqabət yarışına çevirəcəksə, imzalanan sənəd adi kağız parçası olacaq. Əslində isə indiki vəziyyət tərəflərin dominantlıq xislətindən qaynaqlanır. Bu iddianın razılaşma sənədinin imzalanmasından sonra da qaldığı ilə bağlı şübhələr yaranmışdır. Onun başlıca əlaməti hər iki tərəfin özünü qalib elan etməsində özünü göstərir.
Hansı “qələbədən” söhbət gedir? Ümumiyyətlə, məqsəd səmimi şəkildə dünyanı daha təhlükəsiz hala gətirməkdən ibarətdirsə, kim kimin üzərində qələbə çalır? Hər iki tərəfin özünü qalib elan etməsi, bu anlamda siyasi şüurun militarist mahiyyətinin saxlanması deməkdir. Yəni dərinliklərdə rəqabət və qarşı tərəfi məhv etmək xisləti qalır. Bu da dominantlığın başlıca əlamətidir.
Belə alınır ki, bu cür yanaşmada hələ də öncəki geosiyasi mənzərənin bir sıra cəhətləri özünü göstərir. Tərəflər bir-birinə rəqib kimi baxaraq dominantlıq xəttini davam etdirirlər. Lakin bu, müasir geosiyasətin tələblərinə uyğun deyil və hər hansı uzunmüddətli müsbət nəticə verə bilməz.
Ancaq tərəflər üçün (ABŞ, İsrail, İran) faydalı ola biləcək bir siyasi-diplomatik nümunə var. O, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırma fəlsəfəsində ifadə olunmuşdur.
Qalibiyyəti dominantlığa çevirməyən ölkə
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məqsədini qarşısına qoymuşdu. Burada başqasına qarşı hər hansı təcavüzdən söhbət gedə bilməz. Əksinə, Azərbaycan uzun müddət kənar qüvvələrin ciddi dəstəyi ilə böyük haqsızlıqlar törətmiş bir ölkəyə ədaləti anladandan sonra yüksək humanizm nümayiş etdirmişdir.
Prezident İlham Əliyev hərbi əməliyyatların gedişində belə Ermənistanın dinc- yanaşı yaşamaq yolunu seçdiyi halda barış və əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan etmişdir. Bunun fonunda qələbədən sonra Azərbaycan rəhbərliyinin daim hüquq və ədalət çərçivəsində barış və sülh içində yaşamaq uğrunda qətiyyətli mübarizəsi dünya üçün faydalı siyasi təcrübədir.
Bütün təxribatlara baxmayaraq, Azərbaycanı qələbə əsasında regional dominantlığa sürükləyə bilmədilər. Əksinə, rəsmi Bakı böyük səbir və qətiyyətlə regional sülh, təhlükəsizlik və əməkdaşlığı bərabərhüquqlu olmaq prinsipi əsasında bərqərar etmək xəttini həyata keçirdi. Hətta regionun geosiyasi konfiqurasiyası üçün daha geniş platforma təklif etdi: 1) “3+3” formatı üzrə təhlükəsizlik təmin olunsun. 2) Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi statusunda nəqliyyat-logistika və əməkdaşlıq məkanı qismində yeni geosiyasi element kimi qəbul edilsin.
Ciddi geosiyasi anlam
Birincisi, Azərbaycan praktiki olaraq hərb meydanında birmənalı və tam qalibiyyətini zərrə qədər də öz dominantlığı üçün istifadə etmədi. Bu, böyük siyasi-diplomatik seçim, iradə və humanistlik əlamətidir. ABŞ/İsrail-İran hərbi qarşıdurmasının isə real qalibi yoxdur, lakin bir neçə dövlət buna iddialıdır. O iddia üzərində də dominant olmağa canatmalar özünü göstərir. Bizcə, Azərbaycan nümunəsindən öyrənmək olar.
İkincisi, Azərbaycan-Türkiyə tandemi daha geniş geosiyasi məkanda dominantlığı və rəqabəti deyil, qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməkdədir. Artıq bu istiqamətdə də iki qardaş dövlətin müsbət nəticə verən təcrübəsi mövcuddur. Mərkəzi Asiyadan tutmuş Yaxın Şərq, Balkanlar və Cənubi-Şərqi Avopaya qədər geniş məkanda həmin təcrübənin nümunələri var.
Ayrıca, ABŞ prezidenti Türkiyəyə İran məsələsində ciddi rol oynadığına görə xüsusi təşəkkürünü bildirmişdir. Belə alınır ki, şərti olaraq “türk sülh yaratmaq təcrübəsi” adlandıra biləcəyimiz nümunədən Tehran, Təl-Əviv və Vaşinqton faydalana bilərlər.
Gec və ya tez bunun belə olacağına şübhə etmirik. Adını başqa cür qoysalar da, Azərbaycan və Türkiyənin bu istiqamətdə təcrübələri çox faydalı olacaq və qazandıracaqdır.
İkinci təcrübə: Azərbaycanın infrastruktur diplomatiyası
Bu, çox faydalı və dərin geosiyasi təhlilə ehtiyacı olan məsələdir. Çünki o, həm regional, həm də regionlararası miqyaslarda müsbət tətbiq təcrübəsini ehtiva edir. Azərbaycan infrastruktur diplomatiyasını Cənubi Qafqaz regionu miqyasında sistemli və praktiki nəticəverici formada tətbiq etməkdədir, müsbət nəticələri göz qabağındadır.
Məsələn, Ermənistanla ticarət əlaqələrinin dinamik genişləndirilməsi, onun faktiki olaraq yeni səviyyəyə yüksəldilməsi, Gürcüstanla Bakı-Tbilisi-Qars nəqliyyat-logistika marşrutunu, bütövlükdə, regionun inteqrasiyası və faydalanması müstəvisinə çıxarması. Hazırda regionun əməkdaşlıq və təhlükəsizlik fəlsəfəsi məhz Azərbaycanın bu kimi siyasi-diplomatik töhfələri konkret olaraq infrastruktur diplomatiyası üzərində bərqərar olur.
Sualı Cənubi Qafqaz kontekstində belə müəyyənləşdiririk: İranı bu infrastruktur şəbəkəsi yaratmaq prosesinə cəlb etməyin faydası ola bilərmi?
Nəinki faydası ola bilər, hətta İran və regionun hər bir ölkəsi üçün bu, strateji zərurətdir! Azərbaycan-Türkiyə tandemi regional geosiyasi və əməkdaşlıq dinamikası fonunda bunu bacaracaq. Bu da razılaşma sazişinə Cənubi Qafqaz miqyasında fundamental praktiki əhəmiyyəti olan töhfədir.
Ancaq Azərbaycanın infrastruktur diplomatiyasının barış, sülh və perspektivli əməkdaşlıq kontekstində razılaşma sazişinə yardımı bununla məhdudlaşmır. Sazişin bəndlərindən ikisini xatırladaq:
“- ABŞ regional tərəfdaşları ilə birlikdə İran iqtisadiyyatının bərpası və inkişafı üçün ən azı 300 milyard dollar maliyyələşdirmə təmin ediləcək hərtərəfli plan hazırlayacaq.
- Bu planın icra mexanizmi 60 gün ərzində son razılaşma ilə eyni vaxtda hazırlanacaq”.
Ayrılacaq 300 milyard dollar həcmində sərmayə qoyuluşu ilə hansı strateji viziyon üzrə İran iqtisadiyyatını elə bərpa etmək və inkişaf etdirmək doğru olardı ki, birincisi, ölkənin dinamik sosial-iqtisadi infrastrukturunun yeniləşməsinə xidmət etsin, ikincisi, İran siyasi və ictimai şüurunda yer almış militarist əlamətlər minimuma ensin? Çünki gerçəkdən bu iki nəticə olmasa, növbəti ixtilafda trilyonlar da vəziyyəti düzəldə bilməyəcək.
Deməli, İranda, İsraildə, Qərbdə və hətta Rusiya və Çində ictimai şüurun militarist əlamətlərinin yox olunması strateji baxımdan vacib məsələdir. Bu istiqamətdə Azərbaycan-Türkiyə və daha geniş miqyasda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən infrastruktur diplomatiyasının fəlsəfəsi yardımçı olar.
Burada Azərbaycan nümunəsi aparıcı rol oynaya bilər. Cənubi Qafqaz kontekstini yuxarıda vurğuladıq. Bu təcrübənin bir tərəfi qonşu kimi İrana faydalıdır. Digər yandan isə Azərbaycanın infrastruktur diplomatiyası təcrübəsinin Çin də daxil olmaqla Türk Dünyası və Avropa, Yaxın Şərq miqyaslarında konkret müsbət nəticələr verən təşəbbüsləri mövcuddur. Şübhə yoxdur ki, ABŞ-İsrail-İran şərti “geosiyasi üçbucağı” aspektində də həmin təcrübə çox faydalı ola bilər. 300 milyard dollarlıq sərmayə qoyuluşunun (və ondan sonrakı mərhələdə sərmayə qoyuluşlarının) fəlsəfi, siyasi, iqtisadi və geosiyasi bəhrələri Azərbaycan təcrübəsinin tətbiqi sayəsində əməkdaşlıq, sülh və təhlükəsizliyin təmininə xidmət edə bilər.
Nəhayət, ABŞ, İsrail, İran münasibətlərinin konstruktivliyinin Cənubi Qafqaz konteksti də çox əhəmiyyətlidir. Çünki bu region üçün faydalı olmayan hər hansı razılaşma bünövrəsiz binaya bənzəyəcək. İran bütün hallarda Cənubi Qafqazın geosiyasi identikliyinin bir parçasıdır. Bu prizmada “3+3” çox əhəmiyyətli və maraqlıdır. Onun razılaşma sazişi fonunda təhlili vacibdir.
Üçüncü təcrübə: Azərbaycanın regional təhlükəsizlik modeli
“3+3” modeli çoxçalarlı anlama malikdir. Onlardan biri Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq aspektlərində “yaşıl region”a çevrilməsindən ibarətdir. İran kontekstində bu o deməkdir ki, Tehran regionun güclü dövlətlərindən biri kimi, həm “3+3”ün üzvü olmalı, həm də bu region üçün məsuliyyət daşıyan böyük dövlətlərdən biri olaraq fəallıq göstərməlidir. O mənada ki, İranın həmin platformanın reallaşmasında nüfuzu az olmamalıdır.
Buradan avtomatik olaraq, razılaşma sazişi kontekstində İrana sərmayə qoyuluşu və onunla yanaşı, yeni infrastrukturunun səmərəli şəkildə yaradılması aspektlərində mövcud praktiki səmərəsi olan təcrübədən yararlanması zərurəti meydana çıxır. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz və TDT miqyasında həyata keçirdiyi infrastruktur diplomatiyası ilə “3+3” arasında bağlılığı təmin edə bilər. Bu da İranın inkişafı və təhlükəsizliyini həm regional, həm də qlobal kontekstə daxil etməyin praktiki səmərəli yoludur.
Aydındır ki, Azərbaycan təcrübəsinin təməlində enerji və nəqliyyat-logistika təcrübələrinin regionun hər bir dövlətinin milli təhlükəsizlikləri ilə uyğunlaşdırılması xətti dayanır.
Beləliklə, ABŞ/İsrail-İran qarşıdurmasının sona çatması üçün artıq mövcud olan təcrübələrdən istifadə etmək faydalı olardı. Əlbəttə, burada riskləri, mümkün təxribatları, geosiyasi maneələri, diplomatik pozuculuğu və digər neqativ faktorları nəzərə almaq vacibdir. Lakin tərəflər səmimiyyətlə davam etmək istəsələr, qarşıya qoyulan əməkdaşlıq və təhlükəsizliyə nail olmaq üçün kifayət qədər potensial var.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

