Konstitusiya Məhkəməsi davakar tör-töküntüyə nə cavab verəcək?
Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin prosesi müşahidə edən beynəlxalq qurumların qiymətləndirməsinə görə, demokratik seçki standartlarına əsasən cavab verdiyi bildirilsə və iyunun 14-də yekun nəticələr elan olunsa da, revanşist müxalifət bu istiqamətdə mübahisələrin qızışdırılmasına çalışır. Müxalif düşərgə əsas diqqəti seçki prosesində yol verildiyini iddia etdiyi pozuntuların araşdırılmasına və nəticələrin hüquqi yollarla mübahisələndirilməsinə yönəldib.
Bu səbəbdən seçkisonrası siyasi qarşıdurmanın əsas ağırlıq mərkəzi məhkəmələrə və aidiyyəti dövlət qurumlarına, xüsusilə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinə daşınıb. Müxalifətin hazırda əsas ümid yeri Konstitusiya Məhkəməsidir (KM). Suda boğulan saman çöpündən yapışdığı kimi, müxalifət də seçkilərin nəticələrinin ləğv ediləcəyi və ya yenidən nəzərdən keçiriləcəyi ümidi ilə KM-nin qərarını gözləyir. Dünən yayılan xəbərdə bildirilir ki, KM iyunun 26-da parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı 7 siyasi qüvvənin müraciətinə baxacaq. Bu məhkəmə instansiyasına müraciət edənlər “Güclü Ermənistan” bloku, “Birlik qanadları” partiyası, “Demokratiya. Qanun. İntizam” partiyası, “Çiçəklənən Ermənistan” partiyası, “Respublika uğrunda – demokratiyanın müdafiəçiləri” partiyası, “Ermənistan” bloku və “Yeni güc” Partiyasıdır.
KM-nin bununla yaydığı məlumatda bildirilir: “Qeyd olunan işlərin eyni məsələyə aid olduğunu nəzərə alaraq, “Konstitusiya Məhkəməsi haqqında” Konstitusiya Qanununun 41-ci maddəsinə uyğun olaraq bu işlər bir icraatda birləşdirilib və 2026-cı il iyunun 26-da saat 11:00-da keçiriləcək eyni məhkəmə iclasında araşdırılacaq”.
***
Əslində, seçkilərdən sonra Ermənistanda müşahidə olunan mənzərə bir məqamı aydın göstərir. Bu da ondan ibarətdir ki, müxalifət cəmiyyətin geniş təbəqələrini öz arxasınca aparmaq gücündə deyil. Əgər seçkilərin nəticələrinin saxtalaşdırıldığına dair ciddi ictimai inam formalaşsaydı, bunun ilk əlaməti küçələrdə görünərdi. Ermənistan siyasi tarixində bunun nümunələri kifayət qədər çox olub. 2008-ci ildə də, 2018-ci ildə də insanlar öz narazılıqlarını meydanlarda ifadə etmişdilər. İndi isə belə bir mənzərə yoxdur. Seçkilərin nəticələrindən narazı olan özlərini “siyasi lider” adlandıran şəxslər var, lakin onların çağırışına geniş ictimai dəstək müşahidə edilmir. Bu vəziyyət xüsusilə R.Koçaryanın rəhbərlik etdiyi düşərgə üçün ciddi siqnaldır. Uzun illər hakimiyyəti qəsb etmiş və ölkənin böhrana düşməsində məxsusi rol oynamış şəxslərin yenidən hakimiyyətə qayıtmaq planları seçicilərin böyük hissəsində ciddi maraq doğurmur. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi keçmiş hakimiyyət nümayəndələrinin geri dönüşünü çıxış yolu kimi görmür. Məhz buna görə seçkilərdən sonra müxalifətin ən fəal addımı küçə mübarizəsi deyil, məhkəmə şikayətləri olub.
Lakin KM-nin qarşısında duran məsələ siyasi deyil, hüquqi xarakter daşıyır. Məhkəmənin seçkilərin nəticələrini ləğv etməsi üçün təkcə narazılıq kifayət etmir. Bunun üçün nəticələrə birbaşa təsir göstərən ciddi və sübuta yetirilmiş qanun pozuntuları ortaya qoyulmalıdır. Hazırkı mərhələdə isə belə miqyaslı faktların mövcudluğu barədə hər hansı inandırıcı mənzərə görünmür. Müxalifətin səsləndirdiyi iddialar daha çox seçki kampaniyasının gedişi və ümumi siyasi mühitlə bağlıdır ki, bunlar da nəticələrin tam ləğvi üçün yetərli əsas hesab edilmir. Həm seçkilərin rəsmi yekunları, həm də ölkədəki mövcud siyasi reallıqlar nəzərə alındıqda, məhkəmənin nəticələri köklü şəkildə dəyişəcək qərar verməsi ehtimalı olduqca zəif görünür.
Digər tərəfdən, seçkilərin yekunları hakim “Mülki müqavilə” partiyasının üstünlüyünü kifayət qədər aydın şəkildə ortaya qoyub. Hakim komandanın əldə etdiyi nəticə ilə müxalif qüvvələrin topladığı səslər arasında ciddi fərq var. Belə bir şəraitdə seçkilərin nəticələrinin ləğv edilməsi yalnız hüquqi deyil, həm də siyasi baxımdan son dərəcə böyük qərar olardı. Ermənistanın hazırkı reallığında bunun baş verməsi ehtimalı olduqca aşağı qiymətləndirilir. Buna görə də iyunun 26-da keçiriləcək KM-nin iclası daha çox seçkisonrası proseslərin formal yekunu kimi görünür. Müxalifət son ümidlərini bu məhkəmə mərhələsinə bağlasa da, prosesin nəticələrinin parlamentdə formalaşmış siyasi mənzərəni dəyişməsi gözlənilmir. Görünən odur ki, seçkilərdə məğlub olan qüvvələr üçün əsas problem məhkəmə qərarlarından daha çox cəmiyyətin etimadını yenidən qazanmaqdır. Ermənistan siyasətində gələcək uğurun açarı da məhz burada axtarılmalıdır.
***
Bu çərçivədə siyasi təhlil xarakterli yazıları ilə ixtisaslaşmış “ArmenianReport” saytında yerləşdirilmiş “Demokratiya müqayisədə: “Ermənistan” bloku aşkar həqiqətləri necə yenidən yazmağa çalışır” sərlövhəli məqalə maraq doğurur. Məqalədə bildirilir ki, seçkilərin nəticələrinin KM-də mübahisələndirilməsi müxalifətin gözlənilən addımı idi. Xüsusilə Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun seçkilərin nəticələrinin ləğvi tələbi ilə çıxış etməsi siyasi baxımdan sürpriz sayılmır: “Lakin məsələ ondadır ki, səsləndirilən iddiaların miqyası ilə ortaya qoyulan arqumentlər arasında ciddi fərq görünür. Müxalifət seçki prosesində genişmiqyaslı pozuntuların baş verdiyini iddia etsə də, bu fikirlər hələlik beynəlxalq müşahidəçilərin hesabatlarında təsdiqini tapmayıb. Seçkiləri izləyən müxtəlif beynəlxalq missiyalar ümumilikdə səsvermənin demokratik standartlara uyğun keçirildiyini bildiriblər. Bu isə belə bir sual yaradır: əgər müxalifətin iddia etdiyi kimi proses tam şəkildə pozuntularla müşayiət olunmuşdusa, niyə bunu müşahidə edən beynəlxalq qurumlar eyni qənaətə gəlməyiblər? Belə çıxır ki, müxalifət ya bütün müşahidəçilərin yanıldığını, ya da qərəzli mövqe tutduğunu iddia edir. Bu isə kifayət qədər inandırıcı görünmür”.
Qeyd edilir ki, əslində, seçkilərlə bağlı mübahisələr yalnız Ermənistana xas hadisə deyil: “Dünyanın ən inkişaf etmiş demokratik ölkələrində belə seçki nəticələri ətrafında ciddi müzakirələr və qalmaqallar yaşanır. Məsələn, 2000-ci ildə ABŞ-da Corc Buş və Albert Qor arasında keçirilən prezident seçkilərinin taleyi Florida ştatında səslərin yenidən sayılması ilə bağlı mübahisələr fonunda həll olundu və son sözü Ali Məhkəmə dedi. Həmin proses Amerika siyasi tarixinin ən mübahisəli seçkilərindən biri kimi yadda qaldı”.
Bildirilir ki, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan dövrlərində keçirilən seçkilər ətrafında yaranmış qalmaqallar hələ də yaddaşlardadır. Həmin illərdə inzibati resurslardan istifadə, seçki pozuntuları və nəticələrin saxtalaşdırılması ilə bağlı iddialar cəmiyyətin geniş hissəsində ciddi narazılıq doğururdu. Bir çox hallarda seçkilərin nəticələrinə etimad minimum səviyyədə idi: “Bu səbəbdən “Ermənistan” blokunun mövqeyi bir qədər məğlubiyyətin səbəblərini izah etmək cəhdi təsiri bağışlayır. Çünki müxalifətin əsas problemi seçki mexanizmi ilə bağlı deyil, cəmiyyətin böyük hissəsini öz ətrafında birləşdirə bilməməsi ilə əlaqədardır. Seçkilərin nəticələri də məhz bunu göstərdi. KM-nin qarşısında duran məsələ, ilk növbədə, hüquqi xarakter daşıyır. Məhkəmə təqdim olunan faktlar əsasında qərar verəcək. Amma indiki vəziyyət göstərir ki, bu proses hakimiyyət üçün deyil, daha çox müxalifət üçün sınaq xarakteri daşıyır. Çünki əsas sual budur: müxalifət seçicilərin verdiyi qərarı qəbul edib yeni siyasi strategiya quracaq, yoxsa məğlubiyyətin səbəblərini yalnız kənarda axtarmağa davam edəcək?”
Sonda vurğulanır ki, bugünkü Ermənistan bütün problemlərinə baxmayaraq, əvvəlki dövrlərlə müqayisədə fərqli mərhələdədir. “Bu yol asan deyil və çatışmazlıqlar da kifayət qədərdir. Ancaq prosesə bütöv şəkildə baxdıqda ölkənin geriyə deyil, irəliyə doğru hərəkət etdiyi görünür. Buna görə də seçkilərin nəticələrini tamamilə gözdən salmağa yönəlmiş cəhdlərin ciddi nəticə verməsi ehtimalı yüksək deyil. Cəmiyyət artıq əvvəlki illərin siyasi yanaşmalarından daha çox konkret proqramlar və real alternativlər gözləyir”, – təhlildə qeyd olunur.
Səxavət HƏMİD
XQ


