Bakı və Aşqabadın genişlənən əməkdaşlığı bu dəhlizin gücünü artırır
İyunun 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi danışıqlar və mətbuata verdikləri bəyanatların məzmunu göstərir ki, Bakı və Aşqabad, faktiki olaraq, dəyişən Avrasiya geosiyasətində yeni əməkdaşlıq arxitekturasının konturlarını müəyyənləşdirirlər.
Azərbaycanın Mərkəzi Asiya strategiyası
Prezident İlham Əliyevin mətbuata bəyanatında diqqətçəkən mühüm məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunmasını "tarixi hadisə" kimi qiymətləndirməsi oldu. Uzun müddət Azərbaycan beynəlxalq münasibətlər sistemində əsasən Cənubi Qafqaz dövləti kimi qəbul edilirdi. Lakin dəyişən qlobal geosiyasi reallıqlar fonunda Bakı regional rolunu daha geniş müstəvidə müəyyənləşdirməyə başlayıb. Xəzər dənizi artıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı, oradan isə Avropanı birləşdirən strateji geoiqtisadi məkan kimi qiymətləndirilir. İlham Əliyevin çıxışında səsləndirdiyi "böyük Mərkəzi Asiya" yanaşması da məhz bu yeni baxışın konseptual ifadəsidir. Bu siyasətin arxasında, eyni zamanda, uzunmüddətli strateji hesablamalar dayanır. Bakı Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığı genişləndirməyə çalışır, Xəzəri inteqrasiya platforması kimi təqdim edir və Türk Dövlətləri Təşkilatının (TDT) siyasi formatdan iqtisadi inteqrasiyaya keçidini dəstəkləyən əsas aktorlardan biri kimi çıxış edir. Mövcud strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xarici siyasətində ənənəvi regional çərçivələri genişləndirərək Avrasiyanın yeni geosiyasi arxitekturasında daha fəal və təsirli rol oynamağa iddia edir.
Geosiyasətdə nəqliyyat amili
Dövlət başçımızın “Nəqliyyat-logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil” fikri bu gün nəqliyyat marşrutlarının dövlətlərin geosiyasi mövqelərini, iqtisadi təhlükəsizliyini və beynəlxalq təsir imkanlarını müəyyənləşdirən strateji alətlərdən birinə çevrildiyi məntiqinə söykənir. Son illər qlobal logistika sistemində yaşanan sarsıntılar bu reallığı daha aydın göstərdi. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində ənənəvi şimal marşrutlarının əhəmiyyəti azaldı, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Süveyş kanalı ətrafında yaranan risklər isə dünya ticarətinin alternativ dəhlizlərə olan ehtiyacını artırdı. Eyni zamanda, Çin ilə Avropa arasında ticarət dövriyyəsinin dayanıqlı və təhlükəsiz marşrutlar vasitəsilə təmin olunması qlobal iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrildi. Məhz bu geosiyasi və geoiqtisadi dəyişikliklər Orta Dəhlizin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırdı. Marşrutun səmərəli fəaliyyəti isə Xəzər hövzəsində yerləşən əsas tranzit ölkələrin koordinasiyasından birbaşa asılıdır. Azərbaycan və Türkmənistan bu baxımdan Orta Dəhlizin iki əsas dayağı kimi çıxış edirlər. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam potensialla işləməsi üçün Bakı ilə Aşqabad arasında liman infrastrukturu, bərə daşımaları, gömrük prosedurları və logistika siyasəti üzrə koordinasiyanın gücləndirilməsi həlledici əhəmiyyət daşıyır.
Türkmənistanın xarici siyasət xətti
Türkmənistanın daimi neytrallıq siyasəti uzun illər beynəlxalq münasibətlərdə daha çox ölkənin regional və qlobal siyasi proseslərdən məsafəli dayanması kimi şərh olunurdu. Lakin son illər dəyişən geosiyasi reallıqlar göstərir ki, Türkmənistanın neytrallıq siyasəti mahiyyət etibarilə yeni məzmun qazanmağa başlayıb. Neytrallıq artıq müxtəlif geosiyasi mərkəzlərlə eyni vaxtda əməkdaşlıq etməyə imkan verən çevik xarici siyasət modelinə çevrilir. Bu kontekstdə Prezident İlham Əliyevin Türkmənistanın beynəlxalq səviyyədə tanınmış neytrallıq siyasətini xüsusi vurğulaması, Azərbaycanın bu siyasətə açıq dəstəyi Aşqabadın regional sabitlik və əməkdaşlıq arxitekturasında oynadığı rola verilən siyasi qiymət kimi dəyərləndirilə bilər. Eyni zamanda, Türkmənistanın neytrallıq siyasəti onu regional iqtisadi layihələrdən kənarda saxlamır. Əksinə, Aşqabad son illər nəqliyyat, logistika və enerji sahələrində fəallığını artıraraq Avrasiyanın əsas bağlantı mərkəzlərindən birinə çevrilmək istiqamətində addımlar atır. Orta Dəhlizin inkişafı, Trans-Xəzər daşımalarının genişlənməsi və Xəzər hövzəsində iqtisadi əməkdaşlığın dərinləşməsi bu siyasətin praktik nəticələri kimi çıxış edir. Bütün bu proseslər göstərir ki, Türkmənistan neytral statusunu qorumaqla yanaşı, regionun geoiqtisadi transformasiyasında da mühüm rol oynamağa başlayıb.
Bununla yanaşı, Aşqabad müxtəlif geosiyasi istiqamətlər arasında balansı qorumağı bacarır. Türkmənistan bir tərəfdən Türk dünyası çərçivəsində əməkdaşlığını genişləndirir, digər tərəfdən Çinlə iqtisadi əlaqələri inkişaf etdirir, eyni zamanda, Xəzər regionunda çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak edir.
Enerji əməkdaşlığında yeni mərhələ
Azərbaycan və Türkmənistan prezidentlərinin bəyanatlarında enerji əməkdaşlığı ayrıca geniş müzakirə mövzusu kimi təqdim edilməsə də, səsləndirilən fikirlər gələcək strateji istiqamətlər baxımından diqqətəlayiq mesajlar ehtiva edir. Prezident İlham Əliyevin “Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik” fikri iki ölkənin enerji sahəsində əməkdaşlığı yeni geoiqtisadi reallıqlar fonunda qiymətləndirdiyini göstərir. Məlumdur ki, Avropanın enerji təhlükəsizliyi məsələsi qitənin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin və nəqli marşrutlarının diversifikasiyasını sürətləndirib. Bu prosesdə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə etibarlı təchizatçı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Türkmənistan isə dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik dövlətlərdən biri olaraq hələ tam istifadə olunmamış böyük enerji potensialına sahibdir. Məhz bu baxımdan Bakı ilə Aşqabad arasında enerji sahəsində koordinasiyanın genişlənməsi Avrasiyanın enerji xəritəsində yeni imkanların formalaşması deməkdir.
Qarabağ diplomatiyası və beynəlxalq tərəfdaşlıq
Prezident İlham Əliyevin çıxışında Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan məscidə xüsusi yer ayırması da mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir. Qarabağın bərpası prosesi azad edilmiş ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi istiqamətində aparılan siyasətin tərkib hissəsidir. Türkmənistanın bu prosesdə iştirakı xüsusi simvolik əhəmiyyət daşıyır. Bu, bir tərəfdən Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq münasibətlərinin konkret təzahürü kimi çıxış edir, digər tərəfdən isə Qarabağın bərpasına Türk dünyasının mənəvi və siyasi dəstəyi kimi qəbul oluna bilər. Belə layihələr Azərbaycanın postmünaqişə dövründə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirdiyini və azad edilmiş ərazilərin inkişafını çoxtərəfli əməkdaşlıq vasitəsilə həyata keçirdiyini göstərir.
Türk dünyasında iqtisadi inteqrasiya
Bakıda keçirilən görüşün diqqətçəkən cəhətlərindən biri də əməkdaşlığın, bütövlükdə Türk dünyasının inteqrasiya prosesləri kontekstində təqdim olunması idi. Son illər TDT-nin fəaliyyəti daha çox siyasi dialoq, mədəni yaxınlaşma və ortaq kimlik məsələləri üzərində qurulurdu. Lakin hazırkı geosiyasi reallıqlar göstərir ki, təşkilat tədricən iqtisadi inteqrasiyanın da əsas platformalarından birinə çevrilir.
Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistan arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsi, Trans-Xəzər marşrutunun inkişafı və yükdaşımalarının koordinasiyası Türk dünyasında vahid iqtisadi məkanın formalaşması istiqamətində mühüm addımlar hesab oluna bilər. Bütün bu proseslər təşkilatın fəaliyyətinə yeni məzmun qazandırır və onu yalnız ortaq tarixi, dili və mədəniyyəti bölüşən dövlətlərin birliyi deyil, həm də Avrasiyada mühüm iqtisadi aktor kimi formalaşdırır. Əgər bu inteqrasiya dərinləşərsə, TDT gələcəkdə regional iqtisadi əməkdaşlıq sistemində daha böyük çəkiyə malik ola bilər.
Prezidentlərin Bakı görüşü göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Xəzər hövzəsinin, Orta Dəhlizin və Türk dünyasının geoiqtisadi gələcəyini formalaşdıran strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Bu əməkdaşlığın dərinləşməsi yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Avrasiyada yeni nəqliyyat, enerji və iqtisadi inteqrasiya modelinin möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


