Türkiyədə su elektrik enerjisi istehsalı rekord həddə çatıb

post-img

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, yaz aylarında artan yağışlar səbəbindən aprel ayında pik həddə çatan su elektrik enerjisi istehsalı may ayında yeni rekord qırıb. May ayında ümumi aylıq elektrik enerjisi istehsalı 27,15 milyard kilovat-saat qeydə alınıb. Ötən ay su elektrik enerjisi istehsalı aylıq miqdar baxımından 11,71 milyard kilovat-saatla rekord həddə çatıb. 

Beləliklə, may ayındakı elektrik enerjisi istehsalının 43,1 faizi su elektrik stansiyaları tərəfindən təmin edilib. Həmin ayda reallaşdırılan elektrik enerjisi istehsalında külək enerjisi 2,39 milyard kilovat-saatla 8,8 faiz, günəş enerjisi isə 3,72 milyard kilovat-saatla 13,7 faiz təşkil edib. Beləliklə, elektrik enerjisi istehsalında külək və günəş enerjisinin ümumi payı 22,5 faizə çatıb.

Nazirliyin məlumatlarına görə, 1 yanvar - 31 may tarixləri arasında su elektrik stansiyalarının istehsalı 46,4 milyard kilovat-saata, külək enerjisi istehsalı 18 milyard kilovat-saata və günəş enerjisi istehsalı 14,2 milyard kilovat-saata çatıb ki, bu da oxşar dövrlərdə ən yüksək istehsal dəyərlərini təşkil edir.

Bundan əlavə, yerli elektrik enerjisi istehsalı oxşar dövrlərdə ən yüksək səviyyəyə çataraq 106,5 milyard kilovat-saata, bərpa olunan enerji istehsalı isə 88,1 milyard kilovat-saata çatıb. 

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabında məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib:  “May ayında elektrik enerjisi istehsalında daxili resursların payı 85 faizə, bərpa olunan enerjinin payı isə 72,3 faizə çatıb. Bu uğurun əsas hərəkətverici qüvvəsi olan su elektrik stansiyalarımız 11,71 milyard kilovat-saat istehsalla yeni rekord qırıb. Beləliklə, ümumi elektrik enerjisi istehsalımızın 43,1 faizini suyun gücündən əldə etdik. Ölkəmizin unikal enerji potensialını dəyərə çeviririk, daxili və bərpa olunan resurslarımızdan ən səmərəli şəkildə istifadə edərək, enerji sahəsində tam müstəqil Türkiyə hədəfimizə doğru qətiyyətlə irəliləyir”.

M.MİRZƏ

XQ

İqtisadiyyat