Qətərdəki qaz istehsalı mərkəzində partlayış baş verib

post-img

Dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı mərkəzi olan Qətərin Ras-Laffan sənaye zonasında partlayış baş verib. Qətər Daxili İşlər Nazirliyinin məlumatına görə, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb. 

Məlumatı “Euronews” verib. 

Hadisə yerində qaz sızması qeydə alınmayıb.

Terminalı idarə edən Qatar Energy şirkəti hadisənin işçilərin kompleksi yenidən işə salmağa çalışarkən yol verdikləri əməliyyat xətası səbəbindən baş verdiyini bildirib. Terminal mart ayında İran tərəfindən bombalandıqdan sonra bir neçə ay ərzində faktiki olaraq boş qalmışdı.

Analitiklər bildirirlər ki, Qətər dünyanın ən böyük təbii qaz istehsalçılarından biridir və Ras-Laffandakı partlayış qlobal enerji bazarlarında xaosu daha da gücləndirə bilər.

Terminal Qətərin paytaxtı Dohadan təxminən 80 kilometr şimal-şərqdə yerləşir. Məlumata görə, paytaxt sakinləri partlayış zamanı zəlzələyə bənzər təkanlar hiss ediblər. Kompleksə 14 istehsal xətti, bir neçə emal zavodu və mayeləşdirilmiş təbii qaz ixrac limanı daxildir. Sənaye klasteri dünyanın mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-ni təşkil edir.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya