Pentaqon İrana qarşı hərbi əməliyyatlara təxminən 40 milyard dollar xərcləyib.
Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tezliklə dərc olunacaq araşdırmasına istinadla məlumat verilib.
Məlumata görə, CSIS-in baş məsləhətçisi Mark Kansian CNN-ə bildirib ki, bu məbləğə sursatların dəyəri, məhv edilmiş texnika və ABŞ bazalarına dəyən ziyan daxildir. Lakin əməliyyat xərcləri bu hesablamaya daxil edilməyib və həmin xərclərin artıq 2026-cı maliyyə ili büdcəsinə salındığı bildirilir.
Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi xərclərin əsas hissəsini üzərinə götürsə də, münaqişə Daxili Təhlükəsizlik və Veteranlar İşləri nazirliklərinə də təxminən 1 milyard dollara başa gəlib.
Bundan başqa, Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim edilən məlumatlarda döyüş xərclərinin ümumilikdə 29 milyard dollar olduğu bildirilir. Bu rəqəmə təmir, avadanlıqların yenilənməsi və ümumi əməliyyat xərcləri daxildir.
Eyni zamanda, münaqişə dövründə ABŞ-də benzin qiymətlərinin artdığı qeyd olunur. Analitiklərin məlumatına görə, Yaxın Şərqdən neft tədarükü təxminən dörd ay dayanıb və bu dövrdə qlobal bazarda 1,15 milyard barel neft çatışmazlığı yaranıb. ABŞ-də illik inflyasiyanın isə üç ildən sonra ilk dəfə 4%-i keçdiyi bildirilir.

