Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar biz dünya miqyasında milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk. Onlar hələ də böyük çətinliklərlə, qeyri-müəyyənliklərlə və evlərini, dolanışığını itirməklə üzləşməkdə davam edirlər.
XQ xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Ümumdünya Qaçqınlar Günü ilə bağlı edilən paylaşımda qeyd olunub ki, Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün statusuna düşərək, on illərlə davam edən köçkünlük və məhrumiyyətlə dolu həyat yaşadı. Bu insanların hüquqları kobud şəkildə pozuldu, evləri, icmaları və mədəni irsi məhv edildi.
Ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra Azərbaycan bu gün vaxtilə işğal olunmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər təhlükəsiz, ləyaqət və əmin-amanlıq şəraitində doğma torpaqlarına mərhələ-mərhələ qayıdır, illərlə davam edən didərginlikdən sonra həyatlarını və icmalarını yenidən qururlar.
Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, habelə beynəlxalq hüququn normalarının və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır.
Ümumdünya Qaçqınlar Günündə biz dünya miqyasında qaçqınların və məcburi köçkünlərin dözümlülüyünü və cəsarətini ehtiramla anır, bütün məcburi köçkünlərin bir gün öz evlərinə qayıda bilməsi, sülh, ləyaqət və rifah içində yaşaya bilməsi üçün əzmimizi bir daha təsdiqləyirik”.

