Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 20-də Bakı Kristal Zalında Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.
XQ xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə parad təşkil edilib.
Qeyd edək ki, olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
İştirakçılar iyunun 21-dən 26-dək ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Rəsmi açılış mərasimindən sonra konsert proqramı təqdim olunub.
Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.

