Yaponlar Azərbaycana təşəkkür ediblər

post-img

İyunun 19-da Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Kinokuniya Şinjuku kitab mağazasının Akademik Salonunda həmvətənimiz Əlibəy Məmmədovun yapon dilində nəşr olunan “Azərbaycan adlı strategiya” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin təşkilatçıları bildiriblər ki, təqdimatın keçirilməsinə kitabın mağazada yüksək satış göstəricilərinə nail olması, Azərbaycan mövzusuna marağın artması və əsərin həftəlik satış reytinqində ön sıralarda yer alması səbəb olub. Qeyd edilib ki, son dövrlər Azərbaycan Yaponiyada xüsusi maraqla qarşılanır və bu maraq müxtəlif sahələrdə özünü göstərir.

Tədbirdə vurğulanıb ki, mayın 11-də Azərbaycan nefti ilk dəfə olaraq Yaponiyaya çatdırılıb. Bu hadisə regional geosiyasi gərginliklər fonunda Yaponiyanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilib. Çıxış edənlər Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.

Eyni zamanda, Azərbaycan şərablarının Yaponiya bazarında uğurla təmsil olunması da iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafının göstəricisi kimi dəyərləndirilib.

Təqdimat çərçivəsində iştirakçılar Azərbaycan mətbəxinin nümunələrinin dadına baxıblar. Bildirilib ki, “Azərbaycan adlı strategiya” kitabı oxuculara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, biznes mühiti və Yaponiya ilə münasibətləri barədə geniş məlumat verir. Kitabın yapon oxucularının Azərbaycan haqqında daha dolğun təsəvvür formalaşdırmasına və ölkəmizə turist marağının artmasına töhfə verdiyi qeyd olunub.

Tədbirdə müəllifin yeni kitabının da avqust ayına qədər nəşr olunmasının planlaşdırıldığı bildirilib.

Sonda Əlibəy Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, kitabını imzalayaraq oxuculara təqdim edib.
Qeyd edək ki, “Azərbaycan adlı strategiya” kitabında geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzular araşdırılır. Əsərdə Azərbaycanın regional və beynəlxalq münasibətlərdə həyata keçirdiyi balanslaşdırılmış siyasətin nəticələri və əldə olunan uğurlar təhlil edilir.

atırladaq ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. O, Hokkaido Universitetində siyasi elmlər üzrə təhsil alıb və Yaponiya hökumətinin təqaüd proqramının iştirakçısı olub. Əlibəy Məmmədov konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri olmaqla yanaşı, uzun illərdir diaspor fəaliyyətində də fəal iştirak edir.













Mədəniyyət