Xəzərin Dübəndi sahilində baş vermiş neft sızması aradan qaldırılır

post-img

Xəbər verildiyi kimi, iyunun 19-da "Azneft” İstehsalat Birliyinin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə edilməsi ilə bağlı məlumat daxil olub.

Hadisə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də təsdiqlənib. Qurumdan verilən məlumata əsasən, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.

Qeyd edilib ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb.

“Azneft” İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib:

“Məlumatda daha sonra bildirilib: "Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər yekunlaşana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır. İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və “Azneft” İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir”.

Qeyd edək ki, belə hadisələr dünyanın dəniz və okean sularında da zaman-zaman müşahidə olunur. Bunun isə əsas səbəbi dəniz ekosistemlərindəki neft-qazçıxarma platformalarındakı sızmalar, gəmiçilik qəzaları, qanunsuz çirkab sularının axıdılması, eləcə də  dəniz dibindəki təbii neft və qaz sızıntıları kimi amillərlə bağlıdır.

Ləkələrin əmələ gəlmə və yayılma səbəblərinə gəldikdə isə, bu cür hallar ən çox neftin çıxarılması və nəqli, dənizdə yerləşən neft quyuları və platformalarındakı qəzalar, həmçinin gəmilərin istismarı zamanı baş verir.

Hər il qlobal miqyasda irili-xırdalı onlarca neft sızması hadisəsi qeydə alınır. Belə hadisələr nəticəsində milyonlarla barrel neft su mühitinə qarışır. Bu çirklənmə, suyun səthində nazik təbəqə yaradaraq oksigen mübadiləsini kəsir və dəniz quşları, balıqlar, eləcə də mərcan rifləri üçün ağır ekoloji fəlakətlərə yol açır. Belə ki, suyun səthində qalan neft suda həll olmur və üzərək nazik təbəqə - plyonka (parıltılı ləkə) əmələ gətirir. Bu isə suyun oksigenlə təmasını kəsir və ekosistemə ciddi ziyan vurur.

Ekspertlərin fikrincə, sızma riskləri Xəzər dənizi kimi əsas neft-qaz hasilatı mərkəzləri üçün də aktualdır. Odur ki, təşviş üçün ciddi əsas yoxdur və Xəzərin Dübəndi sahilində müşahidə olunan neft ləkələri tezliklə təmizlənərək dənizin ekoloji mühitinə zərər dəyməsinin qarşısı tamamilə alınacaq.

Mirbağır YAQUBZADƏ

XQ



Son xəbərlər