Qəlbi Vətən və xalq üçün döyünən qəhrəman

post-img

1995-ci ilin mart hadisələrindən 31 il ötsə də, həmin hadisələri törədənlərin cinayətkar əməlləri unudulmayıb. O dövrdə hakimiyyət hərisi olan bir qrup xəyanətkar öz ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etdilər.

Müasir və müstəqil Azərbaycanın banisi, dahi və müdrik Şşxsiyyət, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda fədakar mübarizəsi nəticəsində müstəqil və güclü Azərbaycanın əsası qoyuldu. Ulu öndər Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirdi. Onun dövlətçilik fəaliyyəti müstəqilliyin möhkəmləndirilməsinə böyük töhfələr vermiş oldu. Amma mövcud təxribatıar Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olmuş və bir-birini əvəz etmiş səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar.

1995-ci il martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON”-çuların qərargahı yaxınlığında atışma başlandı. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçirmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb oldu.

Bu hadisələr zamanı candan keçmiş qəhrəmanlardan biri də Faiq Əmirovdur. O, 22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulub. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirib. Bir müddət təsərrüfat işləri ilə məşğul olub. 2 iyul 1993-cü ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılıb.

Qızğın döyüşlərin birində ayağından yaralanıb. Hospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Cəbhədə atəşkəs elan edildikdən sonra onların batalyonu öz əvvəlki yerinə qaytarılır. 

17 mart 1995-ci ildə onun xidmət etdiyi batalyon da dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib. Bütün döyüş yoldaşları kimi o da arzu edib ki, qarşıdurma qansız-qadasız ötüşsün. Çox təəssüf ki, mümkün olmayıb. Nahaq qurbanlar verilib. Həmin qurbanlardan biri də qəlbi Vətən üçün, xalq üçün qurub-yaratmaq eşqi ilə döyünən Faiq olub.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Faiq doğulduğu rayonun Bəhmədli kənd qəbiristanlığında dəfn edilib. Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri indi onun adını daşıyır.

M.MİRZƏ

XQ

 

Sosial həyat