Xəyyam Məmmədov: ADSEA bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir

post-img

22 iyun 2026-cı il tarixində Biləsuvar şəhərində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

XQ müşavirədə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədovun nitqini təqdim edir: 

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrasına həsr olunmuş bugünkü regional müşavirədə iştirak etməkdən məmnunluq duyuram.

Məlum olduğu kimi, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafı, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qəbul edilən qərarlar bu sahəyə güclü təkan vermişdir. Burada, su ehtiyatlarının düzgün idarə edilməsinin həm aqrar inkişaf, həm də makroiqtisadi dayanıqlıq baxımından həlledici şərtlərdən biri olduğu qeyd etmək olar.

Bu reallıqdan yola çıxaraq, Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya, ölkənin 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası, "Böyük Qayıdış" proqramı və yenicə təsdiqlənmiş 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən respublika miqyasında sistemli addımlar atılır. Fəaliyyətimizin əsas məqsədi suvarma infrastrukturunu yenidən qurmaq, su itkilərini minimuma endirmək və fermerlərimizi etibarlı su təminatı ilə təchiz etməkdir. Yeni Dövlət Proqramının ana xəttini də, məhz ekstensiv metodlardan yüksək əlavə dəyər yaradan intensiv üsüllara keçid təşkil edir. Su resurslarının səmərəli idarə olunması sadəcə bir ekoloji məsələ deyil, bu bizim həm milli təhlükəsizlik həm də ərzaq müstəqilliyi baxımından əsas prioretetlərimizdən biridir. 

Şirvan-Salyan iqtisadi rayonları ölkənin aqrar istehsal sistemində mühüm mövqeyə malikdir. Əhalinin sıx məskunlaşdığı bu ərazilər pambıqçılıq, taxılçılıq, bostançılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələri üzrə ölkənin əsas istehsal mərkəzləri sırasında yer alır. Bu potensialın tam reallaşması isə, etibarlı və davamlı su təminatından birbaşa asılıdır.

Lakin, son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq bu sahədə yeni çağırışlar formalaşdırmışdır. Buna görə də ölkə üzrə yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin mühüm hissəsi də ölkənin məhz Şirvan-Salyan iqtisadi rayonunun su təminatının yaxşılaşdırılmasına xidmət edir.

Bu layihələr arasında Şirvan suvarma kanalının tikintisi xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 204,3 kilometr, suötürmə qabiliyyəti saniyədə 180 kubmetr olan kanalın istifadəyə verilməsi nəticəsində Hacıqabul rayonu daxil olmaqla 9 rayonda 112,3 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşacaq, əlavə olaraq 105,9 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcəkdir. Beləliklə, ümumilikdə 228 min hektardan artıq ərazi bu layihədən faydalanacaqdır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu layihə Hacıqabul rayonunun kənd təsərrüfatı potensialının artırılması ilə yanaşı, regional baxımdan Şirvan zonasının sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcəkdir. 

Digər mühüm təşəbbüs Qarabağ suvarma kanalının yeniqurulması layihəsidir. Uzunluğu 172,4 kilometr, suburaxma qabiliyyəti isə saniyədə 135 kubmetr təşkil edən bu kanal Qarabağ və ətraf rayonların su təminatının yaxşılaşdırılması ilə yanaşı, Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağının əlavə su ilə qidalanmasını da təmin edəcəkdir. Nəticədə hidroqovşağın xidmət etdiyi Mərkəzi Aran və Şirvan-Salyan regionunda əkin sahələrinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır. 

Bununla yanaşı, Bərgüşadçay su anbarının tikintisi layihəsi də region üçün strateji əhəmiyyət daşıyır. Layihə çərçivəsində yaradılacaq yeni su mənbəyi Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarının dayanıqlı su təminatını yaxşılaşdıracaqdır. Bu isə bütövlükdə Kür-Araz hövzəsində su ehtiyatlarının idarə edilməsinə, su ehtiyatlarının daha səmərəli bölüşdürülməsi və Kür-Araz su təsərrüfatı sisteminin ümumi fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində aşağı axında yerləşən Salyan və Neftçala rayonlarının su təhlükəsizliyinin gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır. Bu baxımdan damcı suvarma, yağmurlama və pivot sistemləri kimi müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar su sərfiyyatını azaltmaqla yanaşı məhsuldarlığın və iqtisadi səmərəliliyin artmasına da xidmət edir. Yeni Dövlət Proqramı çərçivəsində bu innovativ sistemlərin genişləndirilməsi, rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması, eləcə də fermerlərimizin maarifləndirilməsi diqqət mərkəzində olacaqdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Eyni zamanda su təsərrüfatı obyektlərinin istismar səviyyəsinin yüksəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Biləsuvar rayonunda 51 min 851 hektar, Hacıqabul rayonunda 22 min 789 hektar, Neftçala rayonunda 38 min 191 hektar, Salyan rayonunda 46 min hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 4700 kilometrə yaxın suvarma şəbəkəsini, 4892 hidrotexniki qurğunu, 5 subartezian quyusunu və 202 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 46 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş və hazırda da su təminatı davam etdirilir. 2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınmış, 10,4 kilometrdən çox boru kəməri yenilənmiş, 2813 metr daş-beton bənd əsaslı təmir edilmiş, 204 subartezian quyusu əsaslı təmir olunmuşdur. Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılmış, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilmişdir. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artır, su itkiləri azalır və fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir.

Eyni zamanda, su ehtiyatlarının qorunması və qanunvericiliyə uyğun istifadəsi məqsədilə dövlət nəzarəti tədbirləri də gücləndirilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti su ehtiyatlarının mühafizəsi, su itkilərinin azaldılması və su limitlərinə riayət olunması sahəsində mühüm fəaliyyət həyata keçirir.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri, kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişaf etdirilməsidir. Müasir dövrün çağırışları göstərir ki, kənd təsərrüfatının gələcək inkişafı ekstensiv genişlənmədən daha çox mövcud resurslardan səmərəli istifadə ilə bağlıdır. Buna görə də hazırkı mərhələdə əsas hədəfimiz su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. 

Əminəm ki, yeni Dövlət Proqramı çərçivəsində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların birgə səyləri nəticəsində qarşıya qoyulan hədəflərə nail olunacaq, regionun aqrar potensialı daha da sürətli şəkildə reallaşacaq və ölkəmizin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcəkdir."

İqtisadiyyat