Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əlcəzairin paytaxtında yerləşən Beynəlxalq Sərgi Mərkəzində keçirilən Əlcəzair Beynəlxalq Sərgisinin (SAFEX) rəsmi açılışı baş tutub.
XQ xəbər verir ki, tədbirdə Əlcəzair Prezidenti Əbdülməcid Təbbun, hökumət rəsmiləri, xarici ölkələrin diplomatik korpus nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycan bu nüfuzlu beynəlxalq tədbirdə ölkənin Əlcəzairdəki səfirliyinin təşkil etdiyi xüsusi stendlə təmsil olunub. Stenddə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, turizm məkanları və son illərdə əldə etdiyi inkişaf nailiyyətlərini əks etdirən təqdimatlar və video materiallar nümayiş etdirilib.
Bununla yanaşı, ziyarətçilərə Azərbaycanın mədəniyyəti, iqtisadi potensialı, turizm imkanları və iki ölkə arasındakı əlaqələr barədə məlumat verən müxtəlif nəşrlər təqdim olunub. Sərgidə iştirak Azərbaycanın Əlcəzair ictimaiyyətində daha yaxından tanıdılmasına, ikitərəfli münasibətlərin genişlənməsinə, eləcə də iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir.



