Qarabağ Universiteti ilə BFB arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

post-img

Bakı Fond Birjası və Qarabağ Universiteti arasında əməkdaşlığın inkişafına yönəlmiş Memorandum imzalanıb.

XQ xəbər verir ki, sənəd tərəflərin kapital bazarları sahəsində birgə fəaliyyətini genişləndirməyi, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsini, eləcə də təhsil və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən ildən etibarən universitet və Birja arasında formalaşan əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlər təşkil olunur. Bu müddət ərzində tələbələrin maliyyə və investisiya sahəsində biliklərinin artırılmasına xidmət edən müxtəlif layihələr reallaşdırılıb.

Qarabağa səfər zamanı Birjanın nümayəndələri universitet tələbələri ilə görüş keçirərək kapital bazarları, investisiya alətləri və maliyyə savadlılığı mövzularında seminar təqdim ediblər. Tədbirdə fond bazarının iş prinsipləri, investisiya imkanları və risklərin idarə olunması barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi, tələbələrin peşəkar hazırlığının gücləndirilməsi və ölkədə kapital bazarları üzrə insan resurslarının inkişafına töhfə vermək niyyətində olduqlarını bildiriblər.

Təhsil