Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqı regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirmək məqsədilə Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında Yerevana kömək edəcək.
Məlumatı “İnterfaks.ru” verib.
Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (EIB) və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Brüsseldə keçirilən “Əlaqə Gündəmi Platforması” adlı yüksək səviyyəli tədbirdə müvafiq anlaşma memorandumu imzalayıblar. Memorandum Şərq Tərəfdaşlığının Əlaqəyə İnvestisiya (EPIC) təşəbbüsü çərçivəsində məsləhət dəstəyinə rəsmi olaraq start verir.
Qeyd olunur ki, təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistan Respublikasının yol şəbəkəsi ilə birləşdirəcək Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 258 km) strateji yol marşrutlarının inkişafına dəstək verilməsini nəzərdə tutur.
Ermənistan Nəqliyyat və Regional İnkişaf Nazirliyi bildirib ki, “Birinci mərhələdə Avropa İnvestisiya Bankı zəruri tədqiqatların əhatə dairəsinin müəyyənləşdirilməsində və bu yol layihələri üçün mümkün həllərin hazırlanmasında məsləhət dəstəyi göstərəcək. Layihələr Ermənistan hökumətinin “Dünyanın Kəsişmə Yolları” təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafını təşviq etməyə, Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməyə və Avropa İttifaqının nəqliyyat infrastrukturunun inkişaf proqramını irəli aparmağa yönəlib”.
Sənəd Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyanın Brüsselə səfəri zamanı imzalanıb. Bundan əvvəl o, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos ilə nəqliyyat və enerji sektorlarında həyata keçirilən proqramları müzakirə etmişdi.
İyun ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ “regional bağlantı bərpa olunduqca Ermənistanın infrastrukturunu və sərhəd keçidlərini dəstəkləməyə” hazırdır.
Xudatyan həmçinin Brüsseldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu ilə görüşüb və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, dəmir yolu və avtomobil yolları əlaqələrinin açılması imkanlarını müzakirə edib.
P.ƏMİRCANOV
XQ

