Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Moldovanın paytaxtı Kişineuda yerləşən Mariya Bieşu adına Milli Opera və Balet Teatrında Azərbaycanın dünyaca məşhur müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sevgi və dəniz” adlı konsert keçirilib.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən konsertə 1000-dən çox tamaşaçı qatılıb.
XQ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, komitənin əməkdaşı Təhmasib Atakişiyev, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri, Moldova–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İon Qroza, Moldova Parlamentinin deputatları, Moldovanın Mədəniyyət, Elm və Təhsil Nazirliyinin, Millətlərarası Münasibətlər Agentliyinin təmsilçiləri, eləcə də digər rəsmi şəxslər və ictimai xadimlər iştirak edib.
Açılış nitqi ilə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müslüm Maqomayevin Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olduğunu, həmçinin Azərbaycan–Moldova mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanlılar üçün Müslüm Maqomayevin adı xüsusi qürur mənbəyidir. Moldovanın bir çox sakinləri də onu yaxşı tanıyır və yaradıcılığını yüksək qiymətləndirir. Bu gecə təkcə böyük sənətkarın xatirəsinə ehtiram deyil, həm də Moldova ilə Azərbaycan arasında mədəni dialoqun və dostluğun növbəti təzahürüdür,” – deyə o bildirib.
Konsert proqramında Moldova opera məktəbinin nümayəndələri Aleksey Botnarçuk (bas) və Gülnarə Raylyanu (soprano) Müslüm Maqomayevin repertuarından əsərlər ifa ediblər. Onların çıxışları tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.
“Sevgi və dəniz” adlı musiqi gecəsi böyük sənətkarın xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan və Moldova arasında qarşılıqlı hörmətə, dostluğa və mədəni əməkdaşlığa əsaslanan əlaqələrin daha bir bariz nümunəsi kimi yadda qalıb. Tədbir milli mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini bir daha nümayiş etdirib.










