Kosmik təmizlik, yoxsa ekoloji fəlakət?

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA-nın Beynəlxalq Kosmik Stansiyanı (MKS) orbitdən çıxararaq okeana batırmaq planı dünyanın aparıcı okean mühafizə təşkilatlarından birinin kəskin etirazına səbəb olub. Mövcud layihəyə əsasən, bu nəhəng stansiyanın orbitdən endirilməsi bir neçə mərhələdə həyata keçiriləcək. Plana görə, 2028-ci ilin əvvəllərində və ya ortalarında stansiya atmosferin yuxarı qatlarında təbii sürtünmə və Rusiya seqmentinin xüsusi manevrləri sayəsində tədricən aşağı enməyə başlayacaq. Daha sonra, 2029-cu ilin ortalarında NASA stansiyanı tamamilə idarədən çıxarmaq üçün "SpaceX" şirkəti tərəfindən inşa edilən xüsusi "USDV" aparatını kosmosa buraxacaq. Həmin gəmi MKS ilə birləşdikdən sonra özünün 46 ədəd "Draco" mühərrikini işə salacaq və bəşəriyyətin ən böyük kosmik laboratoriyasını son mənzilə — Sakit okeanın ən ucqar nöqtəsinə doğru yönəldəcək.

Lakin layihənin məhz bu son mərhələsi ekoloqlar arasında ciddi narahatlıq doğurur. Baş qərargahı Vaşinqtonda yerləşən və dünya okeanlarının qorunması ilə məşğul olan "The Ocean Foundation" fondunun rəhbəri Mark Spoldinq bəyan edib ki, MKS-in batırılması okeanın ekoloji vəziyyəti ilə bağlı kosmik cəmiyyətin indiyədək lazımi diqqət ayırmadığı çox ciddi suallar ortaya çıxarır. Ən böyük müəmmadır ki, nəhəng stansiyanın qalıqları okeanın dibinə tökülən zaman oradakı dəniz ekosistemlərinə və canlı orqanizmlərə nə dərəcədə zərər dəyəcək. Spoldinq etiraf edir ki, bu sualın dürüst cavabı hələ heç kimə məlum deyil və futbol meydançası ölçüsündə olan bir konstruksiyadan söhbət getdikdə bu qeyri-müəyyənlik dərin qorxu yaradır. Çünki hər kəsə bəllidir ki, atmosferə daxil olarkən stansiyanın heç də bütün hissələri yanmır və onun ən sıx, ağır metal elementləri bu prosesdən sağ çıxaraq mütləq okean dibinə çatacaq.

"The Ocean Foundation" rəhbərliyinin fikrincə, MKS-i Sakit okeanın sularına qərq etməzdən əvvəl beynəlxalq səviyyədə geniş ictimai və ekspert müzakirələri təşkil olunmalıdır. Bu müzakirələrə dəniz dibindəki qalıqların və atmosfer fəsadlarının tam ekoloji qiymətləndirilməsi, atmosferdən keçib okean dibinə çatacaq bütün material və elementlərin tam siyahısının dəqiq dərci daxil edilməlidir. 

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya