Ankarada NATO sammiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ankarada 7-8 iyul tarixlərində keçiriləcək NATO sammitinə hazırlıq məqsədilə geniş təhlükəsizlik tədbirləri görülür.  

Məlumatı “Anadolu” verib. 

Ankara Polis İdarəsinin məlumatına görə, sammitə hazırlıq çərçivəsində “Firuzəyi əməliyyat” həyata bkeçirilir, paytaxtın giriş və çıxışlarında yoxlamaların sayı xeyli artırılıb. Eyni zamanda, əyalətin doqquz rayonunda reydlər və profilaktik tədbirlər gücləndirilib.

Zirvə toplantısı iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün xüsusi məsuliyyət zonaları yaradılıb və əlavə polis bölmələri gecə-gündüz növbətçilik edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri və nəqliyyat vasitələrini yoxlayırlar. Əsas marşrutlarda və ərazilərdə xüsusi təyinatlı qüvvələr, motosiklet patrulları, narkotiklərlə mübarizə bölmələri və mülki geyimli zabitlər yerləşdirilib.

Zirvə toplantısı zamanı çoxsaylı xarici nümayəndə heyətləri və turistləri qəbul edəcək otellərə və xidmət təminatçılarına xüsusi diqqət yetirilir. Dilənçilik, fırıldaqçılıq və qanunsuz vasitəçilik halları da yaxından izlənilir.

Əməliyyatın bir hissəsi olaraq, uzun müddətdir axtarışda olan şəxslərin tutulması üçün əyalət boyunca xüsusi səylər göstərilir. Tutulduqdan sonra onlar islah müəssisələrinə köçürülür.

Ankara Polis Rəisi Maksut Yüksek təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini şəxsən yoxlayır və izdihamlı ərazilərdə, parklarda, ticarət mərkəzlərində, kafelərdə və digər ictimai yerlərdə təhlükəsizlik yoxlamalarının artırılmasını əmr edib. Zirvə görüşünə hazırlıq çərçivəsində artıq 215 nəzarət-buraxılış məntəqəsində, 151 parkda və 120 müəssisədə yoxlamalar aparılıb. Əməliyyatlarda 39 qrup və 450 polis əməkdaşı iştirak edib.

Bundan əlavə, terror təşkilatlarının fəaliyyətinin müəyyən edilməsi və qarşısının alınması əməliyyatları zamanı 209 şübhəli saxlanılıb. Onlara qarşı istintaq tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Dünya