Azərbaycan–Türkmənistan: Şərq–Qərb dəhlizinin qoşa qapısı

post-img

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana həyata keçirdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçıları arasında aparılan müzakirələr, imzalanan sənədlər paketi və əldə olunan razılaşmalar Bakı və Aşqabad əməkdaşlığının strateji məzmununun daha da gücləndiyini və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu xüsusda Azərbaycan Prezidenti qeyd edib ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.

Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin əsas nəqliyyat-logistika mərkəzləri kimi Avrasiya məkanında tranzit marşrutlarının şaxələndirilməsi prosesində mühüm rol oynayırlar. İki arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri də nəqliyyat-logistika sektorudur. Hər iki ölkə Avrasiya məkanında mühüm əhəmiyyət daşıyan Şərq-Qərb nəqliyyat marşrutunun əsas həlqələri hesab olunur. Xəzər dənizinə çıxış imkanları Bakı və Aşqabadın tranzit potensialını artırmaqla yanaşı, onları beynəlxalq yükdaşımalar sistemində strateji aktorlara çevirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əlaqələrin dərinləşdirilməsi Orta Dəhliz üzrə daşımaların həcminin genişlənməsinə əlverişli şərait yaradır. Bu əməkdaşlıq eyni zamanda Avropa ilə Asiya bazarları arasında ticarət əlaqələrinin daha da intensivləşməsinə və regionun nəqliyyat-kommunikasiya imkanlarının güclənməsinə mühüm töhfə verir.

Son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi təkcə qarşılıqlı ticarət əlaqələrinin inkişafında deyil, həm də regional nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılmasında özünü göstərir. Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını bildirib. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.

İki qardaş ölkənin tranzit imkanlarından istifadə edən yük axınında artım tendensiyası davam edir. 2025-ci ilin yekun göstəricilərinə əsasən, iki ölkənin ərazisindən keçən yüklərin həcmi əvvəlki illə müqayisədə 15 faiz yüksələrək 2,344 milyon tona çatıb. Nəqliyyat əməkdaşlığının genişlənməsinin növbəti təzahürü kimi, 2026-cı il mayın 12-də Türkmənistanın ilk quru yük gəmisi sayılan “Gadamly” Bakı Limanına yan alıb.

Prezident İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında imzalanan Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Sənəd Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı saziş və anlaşma memorandumları da tərəflərin qarşılıqlı əlaqələri institusional əsasda inkişaf etdirmək niyyətini ortaya qoyur. Belə ki, gömrük işi, idman, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə və tibb sənayesi, qida təhlükəsizliyi, energetika, kənd təsərrüfatı, maliyyə və iqtisadiyyat, habelə diplomatiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb. Bununla yanaşı, 2026-2028-ci illəri əhatə edən sənaye əməkdaşlığı proqramı da tərəflərin iqtisadi əlaqələri daha sistemli şəkildə inkişaf etdirmək niyyətindən xəbər verir.

İmzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, sosial və humanitar sahələri də əhatə edən çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir. Bu isə öz növbəsində Azərbaycan-Türkmənistan münasibətlərinin uzunmüddətli strateji tərəfdaşlıq modelinə əsaslandığını və qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin formalaşdırdığını göstərir.

Türkmənistan Prezidentinin Azərbaycana səfəri təkcə imzalanan sənədlərlə, rəsmi görüşlərlə yadda qalmayıb. Eyni zamanda, Azərbaycan tərəfi Türkmənistana Bakı gəmiqayırma zavodunda inşa olunan “Dostlug” neftdaşıyan tankeri hədiyyə edib. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.

İqtisadi-ticari əməkdaşlıq Bakı-Aşqabaq münasibətlərin əsas istiqamətlərindən biridir. Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələr əməkdaşlıqda prioritet istiqamətlərdir. Ticarət dövriyyəsində müsbət dinamikası hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb.

Azərbaycan və Türkmənistan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik ölkələrdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, hər iki ölkə bu sahədə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir. Qeyd edək ki, 2021-ci ildə Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında enerji əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoydu. Həmin sənəd Xəzər regionunda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün əlavə imkanlar açdı. Azərbaycan eyni zamanda Türkmənistanın zəngin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında etibarlı tranzit tərəfdaşı kimi çıxış edir. Bu baxımdan, Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi iri infrastruktur layihələri türkmən enerji ehtiyatlarının dünya bazarına inteqrasiyası üçün əlverişli şərait yaradır.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat