Aqrar sektorda keçidin üstün istiqamətləri

post-img

Qlobal çağırışlar, dövlət dəstəyi və yeni inkişaf modeli

Artan geosiyasi gərginliklər, qlobal iqtisadi transformasiyalar və iqlim dəyişikliklərinin yaratdığı risklər ərzaq təhlükəsizliyi məsələsini prioritetlər sırasına çıxarıb. Bu şəraitdə kənd təsərrüfatının inkişafı yalnız əhalinin ərzaq təminatının deyil, həm də ölkələrin iqtisadi sabitliyinin və sosial rifahının təminatçısıdır.

Buna görə də kənd təsərrüfatı dövlət səviyyəsində aparılan müzakirələrdə qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Bu şəraitdə dövlət dəstəyi aqrar sektorun sabitliyinin və dayanıqlılığının təmin edilməsində əsas mexanizmlərdən birinə çevrilir. 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində növbəti 5 il ərzində kənd təsərrüfatına əlavə 2,2 milyard manat maliyyə dəstəyinin ayrılması da məhz bu məqsədə xidmət edir. Həmin vəsaitlərin yalnız subsidiya mexanizmlərinin genişləndirilməsinə deyil, həm də sektorun modernləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına yönəldilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, əvvəlki dövrdə də aqrar sektora dövlət maliyyə dəstəyi davamlı artım nümayiş etdirib. Belə ki, 2020–2025-ci illər üzrə bu göstərici 890 milyon manat təşkil edib. Qarşıdakı 5 illik dövr üçün nəzərdə tutulan vəsaitin əhəmiyyətli dərəcədə yüksək olması isə təsadüfi deyil. Bunun əsas səbəblərindən biri qlobal münaqişələr və beynəlxalq iqtisadi qeyri-müəyyənliklərin aqrar sektora artan təsiridir.

Son illərdə beynəlxalq təchizat zəncirlərində yaranan fasilələr və logistika çətinlikləri kənd təsərrüfatında istifadə olunan əsas resursların bahalaşmasına gətirib çıxarıb. Gübrə, pestisidlər, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri kimi strateji istehsal vasitələrinin qiymət artımı fermerlərin xərclərini yüksəldərək istehsalın rentabelliyinə əlavə təzyiq yaradıb. Nəticədə məhsulun maya dəyərinin artması, istehsal səmərəliliyinin azalması və bazar rəqabət qabiliyyətinin zəifləməsi kimi risklər aktuallaşıb.

Mövcud qlobal reallıqlar aqrar sektorda daxili istehsal potensialının gücləndirilməsini, resurslardan daha səmərəli istifadəni, rəqəmsal və innovativ həllərin tətbiqini və dayanıqlı istehsal modellərinin formalaşdırılmasını strateji zərurətə çevirir. Bu istiqamətdə görülən tədbirlər həm ərzaq təhlükəsizliyinin uzunmüddətli təminatına, həm də kənd təsərrüfatının qlobal çağırışlara uyğun modernləşdirilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Eyni zamanda, qlobal inflyasiya təzyiqləri və istehsal vasitələrinin bahalaşması son illərdə əldə olunan artımın real iqtisadi effektivliyini müəyyən qədər məhdudlaşdırıb. Yeni dəstək paketi isə məhz bu disbalansın aradan qaldırılmasına, fermerlərin maliyyə dayanıqlılığının gücləndirilməsinə və investisiya imkanlarının genişləndirilməsinə yönəlib.

Yeni Dövlət Proqramının əsas fərqləndirici cəhətlərindən biri də onun yalnız subsidiya mexanizmləri üzərində qurulmamasıdır. Burada əsas hədəf kənd təsərrüfatında məhsuldarlığın artırılması və sektorun daha müasir, innovasiyaya əsaslanan inkişaf modelinə keçididir. Bu çərçivədə müasir suvarma sistemlərinin tətbiqi aqrar inkişafın əsas istiqamətlərindən biri kimi çıxış edir. Son illərdə müşahidə olunan quraqlıq dövrləri və su qıtlığı riskləri ənənəvi suvarma üsullarının artıq mövcud çağırışlara tam cavab vermədiyini göstərir.

Bu səbəbdən damcı və yağmurlama kimi müasir suvarma texnologiyalarının geniş tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Həmin sistemlər su itkilərini azaldır, eyni zamanda, məhsuldarlığın yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına şərait yaradır. Yaxın onilliklərdə aqrar sektorun inkişafını məhz su resurslarının idarə olunması təşkil edəcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən su infrastruktur layihələri yalnız kənd təsərrüfatı dövriyyəsinin genişləndirilməsi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı istehsalına cəlb edilməsi Azərbaycanın aqrar potensialını genişləndirməklə yanaşı, daxili bazarın təminat imkanlarını da artırır.

Aqrar sektorun transformasiyasında mühüm rol oynayan istiqamətlərdən biri də aqroparkların yaradılmasıdır. Bu məsələ dəfələrlə geniş müzakirə olunub. Bildirilib ki, aqroparklar istehsal, emal, logistika və satış mərhələlərini vahid idarəetmə sistemi daxilində birləşdirərək kənd təsərrüfatında yüksək səmərəliliyin əldə olunmasına şərait yaradır. Nəticədə həm məhsul itkisi azalır, həm də istehsal zəncirinin bütün mərhələlərində əlavə dəyərin formalaşması təmin edilir. Mütəxəssislərin qənaətinə görə, yaxın illərdə ölkəmizdə aqroparkların coğrafiyası və iqtisadi əhatə dairəsi genişlənəcək. Bu istiqamətdə böyük işlər görülür.

Ölkəmiz üçün ixrac potensialının artırılması da xüsusi əhəmiyyət kəsb edir. Son illərdə qeyri-neft ixracında aqrar məhsulların payının artması bu sahənin iqtisadi əhəmiyyətini yüksəldib. Meyvə-tərəvəz məhsulları, fındıq, pambıqçılıq və şərabçılıq istiqamətlərində mövcud imkanlar Azərbaycanın beynəlxalq bazarlardakı mövqeyini gücləndirir. Lakin qlobal rəqabət şəraitində uğur qazanmaq üçün yalnız istehsal həcminin artırılması kifayət etmir. Məhsulun keyfiyyəti, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, müasir qablaşdırma və effektiv logistika sistemləri ixracın rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdir.

Bu baxımdan aqrar sektorun gələcək inkişafı daha çox emal sənayesinin genişlənməsindən asılı olacaq. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, yüksək gəlir məhz xammal deyil, emal olunmuş məhsul ixracı hesabına formalaşır. Azərbaycanda da aqrar siyasətin əsas istiqamətlərindən biri əlavə dəyər yaradan istehsal zəncirinin qurulmasıdır. Meyvə şirələri, konserv məhsulları, süd sənayesi, ət emalı və digər sahələrdə yaradılan yeni müəssisələr aqrar sektorun iqtisadi səmərəliliyini artırmaqla yanaşı, regionlarda məşğulluğun genişlənməsinə də töhfə verir.

Dövlət Proqramında emal sənayesinin inkişafına, aqroparkların genişləndirilməsinə, istixana komplekslərinin yaradılmasına və bağçılığın təşviqinə xüsusi diqqət yetirilməsi də məhz bu məqsəddən irəli gəlir. Xüsusilə istixana təsərrüfatları yüksək məhsuldarlıq və böyük məşğulluq potensialı ilə seçilir. Bir hektar istixana sahəsində yaradılan iş yerlərinin sayı ənənəvi əkinçilik sahələri ilə müqayisədə dəfələrlə çoxdur. Oxşar tendensiya intensiv bağçılıq və meyvəçilik təsərrüfatlarında da müşahidə olunur. Bu sahələrin inkişafı həm ixrac gəlirlərinin artmasına, həm də kənd yerlərində əhalinin rifah səviyyəsinin yüksəlməsinə xidmət edir.

Şübhəsiz ki, aqrar sektorun qarşısında duran mühüm çağırışlardan biri də urbanizasiya prosesidir. Şəhərləşmənin sürətlənməsi kənd yerlərində əmək resurslarının azalmasına və kənd təsərrüfatında çalışan əhalinin yaşlanmasına səbəb olur. Gənclərin kənd təsərrüfatından uzaqlaşması isə uzunmüddətli perspektivdə istehsal potensialına təsir göstərə biləcək risklər yaradır. Bu problem yalnız Azərbaycana deyil, dünyanın əksər ölkələrinə xas olan qlobal tendensiyadır. Məhz buna görə aqrar sektorda mexanizasiya və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi strateji zərurətə çevrilib.

Gələcəyin kənd təsərrüfatı daha az əmək resursu ilə daha yüksək məhsuldarlığa nail olmağı hədəfləyir. Artıq dünyanın bir çox ölkələrində dronlar vasitəsilə dərmanlama, peyk məlumatları əsasında əkin monitorinqi, avtomatik suvarma sistemləri və süni intellekt həlləri geniş tətbiq olunur. Azərbaycanda da bu texnologiyaların tətbiq dairəsi genişlənir və yaxın illərdə aqrar istehsalın ayrılmaz hissəsinə çevriləcəyi gözlənilir. Bu da o deməkdir ki, gələcəyin aqrar modeli “ağıllı kənd təsərrüfatı” konsepsiyası üzərində formalaşacaq.

Sensorlar, süni intellekt, peyk texnologiyaları və rəqəmsal idarəetmə sistemləri fermerlərə daha dəqiq qərarlar qəbul etməyə imkan verəcək. Bu, məhsuldarlığın artırılması ilə yanaşı, su, gübrə və digər resurslardan daha səmərəli istifadəyə, istehsal xərclərinin optimallaşdırılmasına şərait yaradacaq.

O da məlumdur ki, müasir kənd təsərrüfatı yalnız fiziki əmək deyil, yüksək ixtisaslı kadrlar və texnoloji biliklər tələb edən sahəyə çevrilib. Aqronomlar, aqrar mühəndislər, su idarəetmə mütəxəssisləri, aqrobiznes menecerləri və rəqəmsal texnologiyalar üzrə peşəkarlar gələcəyin kənd təsərrüfatının əsas aparıcı qüvvələri olacaq. Bu səbəbdən aqrar təhsilin inkişafı və regionlarda müasir təhsil infrastrukturunun formalaşdırılması strateji əhəmiyyət kəsb edir.

Dövlət Proqramında sahibkarlığın maliyyə mənbələrinə çıxışı da regionların inkişafının mühüm istiqamətlərindən biri kimi nəzərdə tutulur. Fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər, subsidiya mexanizmləri və müxtəlif təşviq alətləri yeni biznes təşəbbüslərinin yaranmasına stimul verir. Bununla kənd təsərrüfatı ilə yanaşı, xidmət, logistika və ticarət sektorları da inkişaf edir. Bu isə regionlarda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin gəlir mənbələrinin şaxələndirilməsinə imkan yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas xüsusiyyətləri yüksək məhsuldarlıq, rəqəmsallaşma, innovasiyalar, iqlim dəyişikliklərinə uyğunlaşma, ixracyönümlülük və dayanıqlı inkişaf olacaq. Yeni Dövlət Proqramı isə məhz bu transformasiyanın həyata keçirilməsi üçün strateji yol xəritəsi rolunu oynayır. Proqramın uğurlu icrası nəticəsində kənd təsərrüfatı yalnız iqtisadiyyatın ənənəvi sahəsi kimi deyil, ölkənin qeyri-neft inkişafının, regional tərəqqisinin və ərzaq təhlükəsizliyinin əsas dayaqlarından birinə çevriləcək.

Ə.PÜNHAN
XQ

İqtisadiyyat