Rəssam-qəzəlxanın bəstəkar qızı

post-img

Bir neçə gün əvvəlin söhbətidir. Lənkəran Dövlət Dram Teatrında cənub diyarının yetirməsi, tanınmış şair, publisist Vaqif Hüseynovun 90 illik yubiley mərasimi keçirilirdi. Toplantıda bir-birindən maraqlı çıxışlar oldu, kövrək xatirələr çözələndi. Məclisin bədii hissəsində isə Azərbaycan Bəstəkarlar İttifaqının gənc üzvü Aydan Əliyevanın yubilyarın “Bilsəydim ki” şeirinə yeni yazdığı melodiya səsləndi.

Gənc sənətçi bəstələdiyi mahnını olduqca incə, gözəl bir səslə, şövqlə ifa etdi. Həqiqətən, musiqi də, ifa da səmimi idi və hamını təsirləndirdi.

Aydanla söhbətdən bəlli oldu ki, o, artıq xeyli mahnı müəllifidir. Beynəlxalq müsabiqələrdə də iştirak edərək uğurlar qazanıb. O, 1998-ci ildə Bakı şəhərində tanınmış rəssam, qəzəlxan şair Əbdüləmi Nadirin ailəsində dünyaya göz açıb. Qəlbində xalq mahnılarımıza, muğama sonsuz maraq yeniyetməlik illərində doğma ailə mühitində yaranıb. Klassik ədəbiyyatımız barədə ilk bilgiləri də atasından alıb.

Bakının Mərdəkan qəsəbəsindəki 17 saylı musiqi məktəbinin fortepiano sinfini bitirən Aydan Asəf Zeynallı adına musiqi məktəbində (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kolleci) piano ixtisası üzrə təhsil alıb. Bakı Musiqi Akademiyasının magistraturasında oxuduğu illərdə Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovdan vokal və simfonik musiqinin incəliklərini öyrənib.

Aydan tələbəlik illərindən başlayaraq bəstəkarlıq sahəsində bir sıra uğurlara imza atıb. Xalq şairləri Vahid Əziz və Ramiz Rövşənin şeirlərinə mahnılar bəstələyib. Arzuları aşıb-daşan Aydan motivasiyaslı, yaradıcı gəncdir. Tanınmış, sevilən şairlər də öz poetik nümunələrini gənc bəstəkara həvəslə təqdim edirlər.

O, klassik musiqi sahəsində də bacarığını sınayıb. Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunan “Qarabağ” simfonik poemasını ölkəmizin musiqi ictimaiyyəti maraqla qarşılayıb.

Gənc bəstəkar milli musiqimizi beynəlxalq arenalarda da uğurla təmsil edir. O, 2019-cu ildə Gürcüstanda Otar Taktavişvili adına beynəlxalq müsabiqəyə təqdim etdiyi simfonik pyesə görə diplomla mükafatlandırılıb. 2020-ci ildə Ukraynada keçirilən müsabiqədə dahi Nizaminin “Ay üzlü nigarım” qəzəlinə yazdığı romansla qalib elan olunub. 2021-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq bəstəkarlıq müsabiqəsində yüksək “Qran-pri” mükafatı qazanıb. Ötən ilin fevralında isə Aydan Əliyevanın Qara Qarayevin ev-muzeyində solo konserti olub.

Aydan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor kollektivində də çalışır. “Leyli və Məcnun” tamaşasında məharətlə oynadığı Leylinin bacısı rolu onun daha bir uğurudur.

Müsahibimiz sonda gələcək planları barədə dedi:

– Arzularım çoxdur, yeni layihələr üzərində işləyirəm. Respublikamızın tanınmış incəsənət ustalarının mahnılarımı ifa edib populyarlaşdırması məni qürurlandırır və yeni axtarışlara həvəsləndirir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat