Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ordu ölkənin gücü, qüdrəti və təhlükəsizliyinin təminatıdır. Müstəqil yaşamağımızın, suverenliyimizin qorunmasının və dövlətçiliyimizin ən etibarlı dayağı məhz ordudur. Ötən əsrin sonlarında müstəqilliyinə qovuşan xalqımız qısa müddət sonra onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xaos, özbaşınalıq və ordusuzluq nəticəsində torpaqlarımız işğal olundu, dövlətçiliyimiz ciddi sınaqlarla qarşılaşdı.
Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ən mürəkkəb dövrlərdən birində ölkəmiz ağır sınaqlarla üz-üzə qalmışdı. Hakimiyyət böhranı, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğalı, separatizm meyillərinin güclənməsi və daxili qarşıdurmalar Azərbaycanı parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir taleyüklü məqamda xalqın yeganə ümid yeri Heydər Əliyev oldu. Xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyi bərpa edərək milli birliyi təmin etdi və dövlətçiliyimizin xilası naminə qətiyyətli addımlar atdı, atəşkəs sazişinin imzalanmasına nail oldu.
Dərin siyasi və iqtisadi böhranlar yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan Azərbaycan üçün bu siyasət ən düzgün və uzaqgörən seçim idi. Topu, tankı, müasir silahları və nizami ordusu olmayan bir dövlətin xilası məhz güclü dövlət quruculuğundan keçirdi. Heydər Əliyev bu strategiyanı uğurla həyata keçirməklə ölkəyə yeni nəfəs verdi, sabitliyin və inkişafın əsasını qoydu.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi həyatında dönüş yaradan Ulu öndər eyni zamanda müasir ordu quruculuğu istiqamətində də ciddi addımlar atdı. O, qətiyyətlə bildirirdi ki, sülh danışıqlarını cəsarətlə və milli maraqlar əsasında aparmaq üçün güclü orduya malik olmaq vacibdir. Uzaqgörən dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda müasir, peşəkar və nizami ordunun fundamental əsaslarını yaratdı. Heydər Əliyev yaxşı anlayırdı ki, dövlətin zəifləməsinin və torpaqların işğal olunmasının başlıca səbəblərindən biri məhz güclü nizami ordunun olmamasıdır. Bu istiqamətdə böyük səylər göstərən Heydər Əliyev qısa müddət ərzində müasir və peşəkar ordu quruculuğunun əsaslarını formalaşdıra bildi. Keçmiş ittifaq dövründə olduğu kimi
müstəqillik illərində də gənclərdə hərb sənətinə maraq və sevgini artırmağa nail oldu, Vətənə sədaqət ruhunda formalaşan güclü və vətənpərvər ordunun yaranmasına önəmli töhfə verdi. Ulu öndərin rəhbərliyi ilə dövlətin Silahlı Qüvvələrə diqqət və qayğısı əhəmiyyətli dərəcədə artırıldı, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların hazırlanması və döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Məhz həmin siyasətin nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsi oldu. Xalqımızın Ümummilli lideri Heydər Əliyev böyük əminlik və uzaqgörənliklə deyirdi ki, mənim həyata keçirə bilmədiyim işləri Azərbaycan xalqının layiqli oğlu, mənim siyasi kursumun layiqli davamçısı İlham Əliyev uğurla başa çatdıracaqdır. Tarix bu sözlərin nə qədər müdrik və həqiqətə söykəndiyini bir daha sübut etdi.
Sonrakı illərdə Prezident İlham Əliyev dövlət quruculuğunun bütün sahələri kimi ordu quruculuğunu da xüsusi diqqət mərkəzində saxladı, Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirdi, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini qorudu və qarşı tərəfə barışıq əlini uzatdı. Lakin Ermənistanın davamlı təxribatları, işğalçılıq siyasətindən əl çəkməməsi və yeni hərbi avantüralara əl atması bölgədə vəziyyəti daha da gərginləşdirdi. Nəhayət, düşmənin növbəti təxribatları nəticəsində Vətən müharibəsi qaçılmaz oldu. 2020-ci ilin payızında başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və sərkərdəliyi altında cəmi 44 gün ərzində düşmənin illərlə qurduğu müdafiə sədlərini yararaq tarixi zəfərə imza atdı. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımızın çoxillik həsrətinə son qoyuldu.
Bu böyük və unudulmaz qələbə Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının, onun əsasını qoyduğu nizami ordu quruculuğu siyasətinin və Prezident İlham Əliyevin həmin siyasi kursu uğurla davam etdirməsinin parlaq təntənəsi idi. Zəfər bir daha sübut etdi ki, uzaqgörən liderin müəyyən etdiyi yol xalqın iradəsi və güclü dövlətçilik ənənələri ilə birləşəndə tarix yazılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə də məhz Heydər Əliyev ideyalarının, milli birliyin və qüdrətli dövlətçilik məktəbinin təntənəsi kimi tarixə həkk olundu.
Haqqında nağıllar və əfsanələr danışılan Silahlı Qüvvələrimiz bu gün dünyanın qəbul etdiyi qalib ordulardan biridir. Qarabağ uğrunda apardığımız müqəddəs Vətən müharibəsində əldə olunan zəfər, xüsusilə də Şuşanın işğaldan azad edilməsi ordumuzun peşəkarlığını, cəsarətini və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu qələbədən sonra Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyat təcrübəsi dünyanın hərbi dairələrində maraqla öyrənilməyə başladı. Artıq bir çox ölkələr Azərbaycan əsgərinin yazdığı zəfər salnaməsinə diqqətlə baxır, onun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıqdan və təcrübədən faydalanmağa çalışırlar.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan 26 İyun Silahlı Qüvvələr Günü ölkəmizdə hər il bayram kimi qeyd olunur. Cümhuriyyət ənənələrinə sadiq qalan Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə bu gün dövlət səviyyəsində təsis edilərək xalqımızın əlamətdar bayramlarından birinə çevrilib.
Ərazi bütövlüyümüzü tam təmin edərək hər günümüzü bayrama çevirən Silahlı Qüvvələrimizlə fəxr edirik. Bizi qalib xalq, qalib dövlət kimi dünyaya tanıdan ordumuz qüdrətimiz və şərəfimizdir. Qüdrətimizi dünya 44 günlük Vətən müharibəsində və bir gün davam edən antiterror tədbirlərində gördü!
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

