Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanda pambıqçılıq sahəsində əsas prioritetlərdən biri mövcud xammal və istehsal potensialından daha səmərəli istifadə etməklə pambıq əsasında formalaşan dəyər zəncirinin daha da dərinləşdirilməsidir.
XQ xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Nazir müavini bildirib ki, qarşıdakı dövrdə pambıq mahlıcının ölkə daxilində emalının genişləndirilməsi, yüksək əlavə dəyər yaradan iplik, parça və hazır tekstil məhsullarının istehsalının artırılması əsas vəzifələrdəndir. Onun sözlərinə görə, bu yanaşma yeni Dövlət Proqramında müəyyən edilmiş dəyər zənciri inteqrasiyasına əsaslanan ixracyönümlü aqrobiznes modelinin formalaşdırılması məqsədləri ilə tam uzlaşır.
Səməd Bəşirli qeyd edib ki, bu məqsədlərə nail olunması üçün dövlət tərəfindən yaradılmış dəstək mexanizmləri daha da təkmilləşdirilir və bu ildən etibarən sənayenin və sahibkarlığın inkişafını stimullaşdıracaq yeni təşviq alətlərinin tətbiqinə başlanılır.
Bildirilib ki, kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi, qeyri-neft məhsulları üzrə nəqliyyat-logistika subsidiyasının tətbiqi, ixrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası, kommunal infrastruktura qoşulma xərclərinin subsidiyalaşdırılması, eləcə də strateji investisiya layihələri üçün xüsusi dəstək mexanizmlərinin tətbiqi sahibkarların investisiya və istehsal xərclərinin azaldılmasına xidmət edəcək.

