Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çinli materialşünaslar təbii ipək liflərindən istifadə edərək günəş işığının 95 faizini geri əks etdirən və ultrabənövşəyi şüaları demək olar ki, heç sovurmayan tamamilə yeni növ ipək tekstil hazırlayıblar. Nüfuzlu "Nature Sustainability" jurnalında dərc olunan elmi məqaləyə əsasən, bu innovativ materialdan hazırlanan geyimlər anomal istilər zamanı insan dərisinin temperaturunu adi ipəklə müqayisədə 4,3 dərəcə Selsi aşağı salmağa qadirdir.
Pekindəki Tsinhua Universitetinin professoru Can İnyinin rəhbərlik etdiyi tədqiqat qrupu bu layihəni ətraf mühitə zərər vurmadan təbii bio-polimerlərin xüsusiyyətlərini təkmilləşdirmək məqsədilə reallaşdırıb. Alimlər qeyd edirlər ki, Yer kürəsində temperaturun sürətlə yüksəlməsi bəşəriyyəti gündüz istilərinə dözməyi asanlaşdıran yeni nəsil geyimlər yaratmağa sövq edir.
Yeni yanaşma ipək tellərinin optik xüsusiyyətlərinin onların qalınlığından və səthinin formasından asılı olması faktına əsaslanır. Alimlər adi ipək telini "Fermat spiralı" şəklində düzülmüş ipək nano-tellər qrupu ilə "hörmək" üsulunu tapıblar. Qeyd edək ki, riyaziyyatda bu termin günəbaxan çiçəyindəki tumların düzülüş ssenarisini təkrarlayan xüsusi spiralvari əyrini ifadə edir. Hər bir spiral döngəsinin ölçüsünü və onlar arasındakı məsafəni riyazi dəqiqliklə hesablayan mütəxəssislər elə bir "nano-ipək" əldə ediblər ki, o, görünən günəş işığını güclü şəkildə geri itələyir. Bununla bərabər, parça daxildən gələn bədən istisini çölə asanlıqla buraxır, suya davamlılığı və mexaniki möhkəmliyi ilə adi ipəkdən heç nə ilə fərqlənmir. Bu unikal kəşf gələcəkdə təbiəti mikroplastiklərlə zəhərləyən sintetik parçaları tamamilə sıradan çıxarmağa və onları ekoloji cəhətdən təmiz, təhlükəsiz "yaşıl" tekstillə əvəz etməyə imkan verəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

