Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

post-img

Təbiət bəzən insanın əsrlər boyu axtardığı həlləri öz qoynunda gizlədir. Bu gün dünyanın qabaqcıl elmi mərkəzlərində həyata keçirilən bir çox yeniliklərin əsasında məhz təbiətin mükəmməl mexanizmlərinin öyrənilməsi dayanır. Çində hazırlanmış və sınıq sümükləri cəmi bir neçə dəqiqə ərzində birləşdirmək qabiliyyəti ilə diqqət çəkən “Bone-02” bio-yapışqanı da belə yeniliklərdən biridir. Son dövrlərdə beynəlxalq elmi ictimaiyyətdə maraq doğuran bu texnologiya barədə məlumatlar “Ortopediya üzrə Tədqiqatların Beynəlxalq Jurnalı”nda dərc olunmuş “İstiridyələrdən ortopediyaya: Bone-02 adlı yeni inyeksiya olunan fiksasiya materialı” adlı məqaləsində geniş şəkildə təhlil olunub.

Müəlliflərin yazdığına görə, “Bone-02” bio-yapışqanı Çinin Vençjou Tibb Universiteti və Sir Ran Ran Şou Xəstəxanasının alimləri tərəfindən hazırlanıb. Tədqiqatçılar yeni materialın yaradılmasında istiridyələrin su altında müxtəlif səthlərə möhkəm yapışmaq xüsusiyyətindən ilham alıblar. Nəticədə qanlı və nəm mühitdə belə yüksək yapışma qabiliyyətinə malik biomaterial əldə edilib ki, bu da onun travmatologiya və ortopediya sahəsində geniş tətbiq imkanları vəd etdiyini göstərir.

Məqalədə qeyd olunur ki, yeni bio-yapışqan sınıq sümük hissələrini cəmi 2–3 dəqiqə ərzində sabitləyə bilir. Ənənəvi metal lövhə və vintlərdən fərqli olaraq, material sümük toxuması ilə uyğunluq təşkil edir və sağalma prosesi başa çatdıqca tədricən orqanizm tərəfindən sorulur. Bu xüsusiyyət gələcəkdə xəstələrin əlavə əməliyyatlara ehtiyacını azaltmaqla yanaşı, müalicə müddətinin də qısalmasına kömək edə bilər.

Nəşrdə bildirilir ki, “Bone-02” artıq 150-dən çox klinik tətbiq zamanı istifadə olunub və ilkin nəticələr ümidverici hesab edilir. Alimlərin məlumatına görə, material həm möhkəmlik, həm də təhlükəsizlik baxımından müsbət göstəricilər nümayiş etdirib. Bununla belə, texnologiyanın daha geniş tətbiqi üçün çoxmərkəzli klinik sınaqların davam etdirilməsi vacib sayılır.

Məqalə müəllifləri xüsusi olaraq vurğulayırlar ki, “Bone-02” ilə bağlı mövcud məlumatların əhəmiyyətli hissəsi ilkin hesabatlara əsaslanır və texnologiyanın effektivliyini tam təsdiqləyəcək genişmiqyaslı elmi araşdırmaların nəticələri hələ beynəlxalq elmi ədəbiyyatda geniş şəkildə təqdim edilməyib. Buna baxmayaraq, əldə olunan ilkin göstəricilər bioyapışqanın ortopediya sahəsində yeni mərhələnin əsasını qoya biləcəyinə dair nikbin gözləntilər formalaşdırır.

Mütəxəssislərin fikrincə, qarşıdakı illərdə aparılacaq əlavə tədqiqatlar müsbət nəticələr verərsə, “Bone-02” sümük sınıqlarının müalicəsində istifadə olunan ənənəvi üsullara ciddi alternativə çevrilə bilər. Təbiətin milyon illər ərzində formalaşdırdığı mexanizmlərin müasir tibbin xidmətinə təqdim olunması bir daha göstərir ki, gələcəyin ən mühüm tibbi yenilikləri çox vaxt məhz təbiətin özündən öyrənilən dərslər əsasında yaranır.

Nurəngiz Adilqızı

XQ

 

Maraqlı