Yevlax ölkənin qabaqcıl pambıqçılıq rayonuna çevrilir

post-img

Son illər Yevlax rayonunda pambıq əkini dövlət proqramları və subsidiya dəstəyi ilə genişləndirilir. Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov XQ-yə eksklüziv müsahibəsində bildirdi ki, əvvəllər pambıq əkilməyən rayonda son 5-6 ildə bu sahəyə maraq xeyli artıb. Bu da pambıqçılığa göstərilən hərtərəfli dövlət dəstəyinin məntiqi nəticəsidir. 

Onun sözlərinə görə, bu il rayon üzrə 2 min 990 hektar sahədə pambıq əkini ilə bağlı şirkətlərlə müqavilə bağlanıb. Mövsümün əvvəlindən 2 min 953 hektar sahədə çiyid səpini həyata keçirilib. Bunun da 2 min 106 hektarında çıxış alınıb. Onun sözlərinə görə, pambıq əkini sahəsində "Prime Cotton", "Goran Cotto", "Azərpambıq" məhdud məsuliyyətli cəmiyyətlər və digər şirkətlər xüsusi fəallıq göstəriblər: "Bu şirkətlər fermerlərə hərtərəfli dəstək göstərirlər. Məsələn, pambıq əkini üçün lazım olan texnika və digər vasitələr təmin olunur. Yevlax rayonunda orta məhsuldarlıq hər hektardan, təxminən, 40 sentner təşkil edir və yüksək nəticələr əldə olunur. Bu da onu göstərir ki, rayonun torpaq-iqlim şəraiti pambıqçılıq üçün əlverişlidir. Biz də bu sahənin inkişafı üçün lazımi tədbirlər görmüşük. Cari ildə də pambıq əkinlərinə xüsusi diqqət yetirilib və hazırda sahələrdə becərmə işləri davam etdirilir."

Pambıqçılıqda dövlət dəstəyinin mühüm rol oynadığını vurğulayan mərkəz rəhbəri onu da bildirdi ki, bu sahədə əkin subsidiyası deyil, məhsul subsidiyası tətbiq edilir. Yəni fermerlərə hər hektara görə deyil, təhvil verdikləri məhsulun həcminə görə subsidiya ödənilir. Pambığın hər kiloqramına görə müəyyən məbləğdə subsidiya verilir ki, bu da fermerlərin daha çox məhsul əldə etməsinə maraq yaradır. Hazırda şirkətlər pambığın hər kiloqramını bazar qiyməti ilə alır, əlavə olaraq dövlət tərəfindən də hər kiloqrama görə subsidiya ödənilir. Bu isə pambıqçılıqla məşğul olan fermerlər üçün əlavə gəlir mənbəyi yaradır. Məsələn, pambığın bir kiloqramını tədarük məntəqələrinə 80 qəpiyə təhvil verən fermerlər yetişdirdikləri hər kiloqram məhsula görə dövlətdən əlavə olaraq 19,5 qəpik subsidiya alır.

Texnika ilə təminatda da hər hansı bir problemin olmadığını bildirən A.Rüstəmov qeyd etdi ki,  pambığın əkilməsi, becərilməsi və yığılması üçün lazım olan texnika şirkətlər tərəfindən təmin edilir. Hazırda pambığın böyük hissəsi müasir texnikalar vasitəsilə yığılır və əl əməyinə, demək olar ki, ehtiyac qalmayıb.

"Yevlax rayonda pambıq əkən fermerlərin sayı kifayət qədər çoxdur. Əkin sahələri də ildən-ilə genişlənir. Fermerlərin gübrə və digər kənd təsərrüfatı vasitələri ilə təminatında da problem yaşanmır. Gübrə satan şirkətlər tərəfindən həm fosforlu, həm azotlu, həm də digər növ gübrələr fermerlərə təqdim olunur"--deyə o əlavə etdi.
Eyni zamanda, subsidiya sistemi vasitəsilə fermerlər güzəştlərdən də yararlana bilirlər. Dövlət gübrələrin və digər kənd təsərrüfatı vasitələrinin müəyyən hissəsini subsidiya hesabına kompensasiya edir. Nəticədə, fermerlərin xərcləri azalır və istehsala maraq artır.

Mirbağır YAQUBZADƏ 
XQ
YEVLAX

İqtisadiyyat