Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gənclər Fondunun dəstəyi ilə icra olunan layihənin 2026-cı il üzrə ilk dayanacağı Şəki şəhəri olub.
XQ xəbər verir ki, 2019-cu ildən həyata keçirilən təşəbbüs Gənclər Fondunun 15 illiyinə həsr edilib və “Gənclərlə, gənclər üçün” şüarı altında reallaşdırılır.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclər üçün məşğulluq, innovasiya və rəqəmsallaşma kimi sahələrdə təqdim olunan imkan və xidmətlərin əlçatanlığını artırmaqdır.
Tədbir çərçivəsində xüsusi hazırlanmış açıq məkanlarda dövlət qurumları və özəl sektor nümayəndələri ilə görüşlər təşkil olunur, eyni zamanda təhsil və karyera imkanları, rəqəmsal bacarıqlar, vətənpərvərlik, sağlam həyat tərzi və yaradıcılığın inkişafına dair maarifləndirici sessiyalar keçirilir.
“Səyyar Gənclər Xidməti”nin Şəkidəki proqramı iyunun 27-dək davam edəcək.
Qeyd olunur ki, Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə bu il Şəki ilə yanaşı Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Laçın, Zəngilan və Füzuli də daxil olmaqla 8 mindən çox gənci əhatə edəcək.









