Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmrinə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov iyunun 23-də Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüş keçirib. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onların ərizə və şikayətləri araşdırılıb.
Vətəndaşların qaldırdığı əsas məsələlər taxılyığan kombaynların lizinq ödənişləri üzrə güzəştlər, heyvandarlığın inkişafı üçün aqrar kreditlərin əlçatanlığı, güzəştli şərtlərlə iribuynuzlu və xırdabuynuzlu heyvanların alınması, həmçinin arıçılıq təsərrüfatları üçün avadanlıqlarla təminatla bağlı olub.
Mehman Veysəlov müraciətləri diqqətlə dinləyərək onların qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bəzi məsələlər nəzarətə götürülüb, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti strukturlara yönləndirilib.
Görüş zamanı o, ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına yönəlmiş qərar və sərəncamlarının fermerlərin rifahının yaxşılaşmasına və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.
Qəbuldan sonra Mehman Veysəlov Sədərək rayonunda fermer Qədimli Fuad Tahir oğluna məxsus 18 hektarlıq kartof sahəsinə baxış keçirib. Səfər zamanı aqrar sahəyə dövlət dəstəyi mexanizmləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.










