NDU biotexnologiya və molekulyar biologiya sahəsində yeni əməkdaşlığa imza atıb

post-img

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu haqda “Xalq” qəzetinə universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Memorandum elmi-tədqiqat fəaliyyətinin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, innovativ layihələrin həyata keçirilməsi, birgə laboratoriyaların yaradılması, birgə elmi nəşrlərin hazırlanması, konfrans, seminar və təlimlərin təşkili istiqamətlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində tərəflər müasir texnologiyaların tətbiqi, elmi araşdırmaların genişləndirilməsi, tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, eləcə də nəzəri və praktiki kursların təşkili sahəsində birgə fəaliyyət göstərəcəklər.

Sənədlər Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova tərəfindən imzalanıb. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin elm və təhsil sahəsində əməkdaşlıqlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ölkənin aparıcı elmi tədqiqat müəssisələrindən biri kimi zəngin elmi potensiala malikdir. Vurğulayıb ki, NDU-da biologiya, biokimya, kimya mühəndisliyi və digər təbiət elmləri istiqamətləri üzrə formalaşmış möhkəm elm və tədris bazası ilə institutun elmi imkanlarının birləşdirilməsi hər iki tərəf üçün yeni əməkdaşlıq perspektivləri yaradacaq.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova çıxışında rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, institutda ərzaq təhlükəsizliyi, molekulyar biologiya, biotexnologiya və bitki genetikası sahələrində mühüm tədqiqatlar aparılır, beynəlxalq əməkdaşlıqlar uğurla davam etdirilir və beş beynəlxalq laboratoriya fəaliyyət göstərir.

Direktor fotosintez prosesinin öyrənilməsi, günəş enerjisindən səmərəli istifadə, qlobal iqlim dəyişikliklərinin təsirlərinin araşdırılması və məhsuldar buğda sortlarının yaradılması istiqamətlərində həyata keçirilən tədqiqatlardan bəhs edib. İradə Hüseynova Naxçıvanın zəngin dərman bitkiləri ehtiyatlarının birgə elmi araşdırmalar üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Çıxışlarda təbiət elmləri sahəsində tədqiqatların genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və regionun elmi potensialından daha səmərəli istifadənin vacibliyi qeyd olunub. Bildirilib ki, əməkdaşlıq gələcəkdə yeni elmi layihələrin və innovativ təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

 









Sosial həyat