“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada maraqla qarşılanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın tarixi-mədəni irs obyektlərinin tanıdılması” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin italyan dilində nəşr olunmuş “Patrimonio Archeologico dell'Azerbaigian” (“Azərbaycanın arxeoloji irsi”) kitabının 14-23 iyun tarixlərində İtaliyanın Roma, Florensiya, Milan, Turin, Verona və Bolonya şəhərlərində geniş təqdimatı və yayımı həyata keçirilib.

Layihə çərçivəsində "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə YOCOCU Assosiasiyası arasında əldə olunmuş razılığa əsasən, kitabın yayımı ilk növbədə mədəni irsin öyrənilməsi, qorunması, konservasiyası, bərpası və təbliği sahəsində fəaliyyət göstərən universitetləri, elmi-tədqiqat institutlarını, muzeyləri, kitabxanaları, bərpa laboratoriyalarını və ixtisaslaşmış mədəniyyət təşkilatlarını əhatə edib. Səfər çərçivəsində kitab Florensiya Milli Mərkəzi Kitabxanasına, Florensiya Arxeologiya Muzeyinə, Florensiya Universitetinin Arxeologiya Departamentinə, Boloniya Arxeologiya Muzeyinə, Boloniya Universitetinin Tarix, Mədəniyyətlər və Sivilizasiyalar Departamentinin Kitabxanasının Arxeologiya Bölməsinə, Ustica Memorial Muzeyinə, Ustika Faciəsi Qurbanlarının Ailə Üzvləri Assosiasiyasına, Turin şəhərinin Monumental Qəbiristanlığının rəhbərliyinə, Turin Universitetinin Tarix Departamentinin kitabxanasına, eləcə də digər universitet, muzey və elmi-tədqiqat müəssisələrinə hədiyyə olunub.

Layihənin əsas tədbirlərindən biri 19 iyun tarixində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasının (ASCE) İllik Baş Assambleyası və Beynəlxalq Turin Konfransı çərçivəsində baş tutub. Kitabın müəllifi və layihə rəhbəri Fariz Xəlilli “History and Heritage of Epigraphic Tombstones in Azerbaijan” (“Azərbaycanda epiqrafik qəbir daşlarının tarixi və irsi”) mövzusunda məruzə ilə çıxış edib. Konfransda "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin daha səkkiz üzvü də iştirak edib.

Məruzədə Azərbaycanın orta əsr və yeni dövr epiqrafik qəbir daşlarının tarixi inkişafı, elmi əhəmiyyəti və mədəni irs kimi dəyəri təqdim olunub. Bildirilib ki, epiqrafik qəbir daşları ölkənin sosial tarixi, dini-mənəvi həyatı, sənətkarlıq ənənələri və kollektiv yaddaşını əks etdirən mühüm ilkin tarixi mənbələrdir. Təqdimatda Avaxıl, Kələxana, Basqal, Şıxməzid, eləcə də Qarabağ və Şərqi Zəngəzurun epiqrafik irsi üzrə aparılmış tədqiqatların nəticələri beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb. Eyni zamanda epiqrafik irsin sənədləşdirilməsi, rəqəmsallaşdırılması və elmi əsaslarla mühafizəsinin müasir mədəni irs idarəçiliyinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə tanıdılması baxımından mühüm töhfə kimi qiymətləndirilib.

Turində səfər çərçivəsində Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasının İdarə Heyətinin üzvü Valérie Madoka Naito, Turin Bələdiyyəsinin Dəfn və Qəbiristanlıq Xidmətləri Səhmdar Cəmiyyətinin məsul əməkdaşı Dr. Renata Santoro, Turin Universitetinin nümayəndələri və digər tərəfdaşlara kitablar təqdim olunub. Eyni zamanda Turin Monumental Qəbiristanlığında dəfn edilmiş azərbaycanlı partizan Hüseynov Vilayət Əbülfət oğlunun məzarı ziyarət edilib. Qəbiristanlığın tədqiqatçılarına II Dünya müharibəsi illərində İtaliya Müqavimət Hərəkatında vuruşmuş azərbaycanlı partizanlar və Vilayət Hüseynovun mənsub olduğu dəstənin fəaliyyəti barədə ətraflı məlumat verilib. 

20 iyun tarixində Fariz Xəlilli Bolonya şəhərində yerləşən Ustica Memorial Muzeyini ziyarət edib. Muzey əməkdaşı Luigi Loiodice tərəfindən muzeyin fəaliyyəti və ekspozisiyası haqqında geniş məlumat verilib. Səfər zamanı Fariz Xəlilli Ustica aviasiya faciəsi ilə 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş AZAL-ın J2-8243 reysinin faciəsini qaranlıq irs (Dark Heritage) konsepsiyası baxımından müqayisəli şəkildə təhlil edib, memorial muzeylərin tarixi yaddaşın qorunmasındakı rolu barədə fikir mübadiləsi aparıb. Muzeyə, Ustika Faciəsi Qurbanlarının Ailə Üzvləri Assosiasiyasına, Bolonya Arxeologiya Muzeyinə və Bolonya Universitetinin Tarix, Mədəniyyətlər və Sivilizasiyalar Departamentinin Kitabxanasının Arxeologiya Bölməsinə kitablar hədiyyə olunub.

Roma proqramı çərçivəsində YOCOCU Assosiasiyasının prezidenti Andrea Macchia və assosiasiyanın üzvü Camilla Zaratti ilə birlikdə İtaliyanın Azadlığı Uğrunda Mübarizə Tarixi Muzeyi və San Kozimato Kilsə və Monastır Kompleksi ziyarət olunub, burada mədəni irsin qorunması və istifadəsi sahəsində tətbiq olunan təcrübələr öyrənilib. Muzeylərə, bərpaçı alimlərə, mədəni irs mütəxəssislərinə və tərəfdaş təşkilatların nümayəndələrinə kitablar təqdim edilib.

Kitab İtaliyada yalnız elmi müəssisələrdə deyil, yerli kitabxanalar və mütəxəssislər arasında da böyük maraq doğurub. Milan yaxınlığındakı Cusano Milanino Bələdiyyə Kitabxanasında professor Luigi Scrinzinin təşəbbüsü ilə kitab kitabxananın fonduna rəsmi şəkildə daxil edilib. Qeydiyyat zamanı nəşrin növü, müəllifi, nəşriyyatı, elmi redaksiya heyəti və hədəf oxucu auditoriyası haqqında məlumatlar protokola daxil edilərək kitab kitabxananın kataloquna əlavə olunub. Professor Luigi Scrinzinin 10 yaşlı nəvəsinin bu təqdimat və qeydiyyat prosesində fəal iştirakı kitabxana rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və o, kitabın İtaliyadakı ilk təqdimatının rəmzi “xaç anası” kimi alqışlarla qarşılanıb.

Kitab İtaliya elmi ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Turin şəhərində fəaliyyət göstərən Chorus Srl şirkətinin memarı və tədqiqatçısı Arch. PhD Cristiano Tosco kitab haqqında yazdığı rəydə onu Azərbaycan arxeoloji irsini italyan oxucusuna peşəkar və sistemli şəkildə təqdim edən mühüm elmi nəşr kimi səciyyələndirib. O bildirib ki, kitabın aydın strukturu həm mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün dəyərli mənbədir və Azərbaycanın arxeoloji irsinin Qərb elmi baxış bucağından öyrənilməsi üçün etibarlı bələdçi rolunu oynayır. Cristiano Tosco xüsusilə nəşrin zəngin foto materiallarını yüksək qiymətləndirərək onların Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin canlı və dinamik şəkildə təqdim olunmasına xidmət etdiyini vurğulayıb və kitabı son illərdə bu sahədə italyan dilində nəşr edilmiş ən mühüm ümumiləşdirici əsərlərdən biri kimi dəyərləndirib.

Səfər çərçivəsində kitabın İtaliyada ikinci nəşrinin hazırlanması istiqamətində də mühüm addımlar atılıb. YOCOCU Assosiasiyası mədəni irsin qorunması, arxeologiya, memarlıq, incəsənət tarixi və humanitar elmlər üzrə ixtisaslaşmış Il Prato Edizioni nəşriyyatı ilə əməkdaşlıq imkanlarına dair ilkin danışıqlara başlayıb. Eyni zamanda professor Luigi Scrinzi, Enrica Compri, kitabda istifadə olunan çoxsaylı fotoşəkillərin müəllifi Valter Niselli və Vittoria Scrinzi kitabın İtaliya kitabxanaları şəbəkəsinə daxil edilməsi, media və elmi ictimaiyyət arasında daha geniş tanıdılması istiqamətində dəstəklərini davam etdirirlər.

Qısa müddətli olmasına baxmayaraq, səfər Azərbaycanın arxeoloji və mədəni irsinin İtaliyada tanıdılması baxımından mühüm nəticələr verib. Roma, Florensiya, Milan, Turin, Verona və Bolonya şəhərlərində keçirilən görüşlər, təqdimatlar və elmi müzakirələr nəticəsində 200 nüsxə kitab YOCOCU Assosiasiyasının dəstəyi ilə elm, təhsil və mədəniyyət müəssisələrinə çatdırılıb. Layihə rəsmi olaraq başa çatsa da, bu səfər çərçivəsində yaradılmış beynəlxalq elmi əlaqələr, institusional əməkdaşlıqlar və Azərbaycanın zəngin tarixi-mədəni irsinin xaricdə təbliği istiqamətində fəaliyyət gələcəkdə də davam etdiriləcək.





















Sosial həyat