Gəncədə “Məzun Günü” xoş məqamlarla yadda qaldı…

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Dövlət Aqrar Universitetində 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun günü” böyük coşqu ilə qeyd edilib.

Gəncə İdman Sarayında keçirilən tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və digər qonaqlar məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda aqrar sahənin inkişafında gənc mütəxəssislərin rolundan, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yüksəkixtisaslı kadrların əhəmiyyətindən danışılıb.

Daha sonra universiteti yüksək göstəricilərlə başa vuran məzunlar çıxış edib, tələbəlik illərinə görə universitet kollektivinə təşəkkürlərini bildiriblər. Fakültələr üzrə ən yüksək nəticə göstərən məzunlar təltif olunub, universitet üzrə ən yüksək orta bal toplayan məzunun adı isə ənənəyə uyğun olaraq ADAU-nun Fəxri Kötüyünə həkk edilib.

Tədbir tanınmış müğənnilərin və rəqs kollektivlərinin iştirakı ilə təşkil olunan rəngarəng konsert proqramı ilə davam edib. Musiqi, sevinc və kövrək ayrılıq hisslərinin qovuşduğu “Məzun günü” gənclərin yaddaşında unudulmaz xatirəyə çevrilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri



























Təhsil